“Prezident İlham Əliyevin son müsahibəsi milli birliyin daha da möhkəmləndirilməsinə yönəlib”

”Yeni hədəflərə doğru gedən  yol  və qarşıda duran vəzifələrin dolğun şəkildə gerçəkləşməsi  milli həmrəyliyimizin daha da möhkəmlədirilməsindən keçir…”

     

Bunu milllət vəkili Əli Məsimli Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibəni Moderator.az-a şərh edərkən söyləyib.

       

Əli Məsimli bildirib ki,Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə  zamanı  bir sıra sosial-iqtisadi xarakterli  məsələrə,Qarabağ zəfəri,müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə görülən və görüləcək işlərə, regionda cərəyan edən hadisələrə, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə və digər məsələlərə toxunub, real görünən yeni hədəflər və ona nail olmaqdan ötrü qarşıda duran vəzifələr barədə  danışıb,eyni zamanda həm də  bir sıra önəmli açıqlamalar edib, mesajlar və anonslar verib. Prezident İlham Əliyevin toxunduğu məsələlər və verdiyi həmin açıqlama və mesajları içərisində aşağıdakı məqamlar xüsusi yer tutur:

       

1.”Bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”

       

İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək,müəyyən problemlərlə üzləşə bilərik.Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib… Dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki,artırır.Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik,yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. 

     

2. “Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək.”

     

Dövlət başçısı bu müsahibəsində Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri Azərbaycanın işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirirdiyini, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən  bərpa-quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına xidmət edən məqamları  konkret faktları əsasında  geniş şərh edib.Prezident bildirib ki:əlbəttə, istəyirəm ki, bütün keçmiş köçkünlər tezliklə dədə-baba torpaqlarına qayıtsınlar və biz bunu tezləşdirmək üçün əlimizdən gələni edəcəyik.Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik.Bununla paralel olaraq, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu.Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq….Artıq biz bu il Böyük Qayıdışın sürətli inkişaf mərhələsinə başlayırıq.Əlbəttə ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Biz azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasını inşa etdik və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Yəni, bu, böyük rəqəmdir və bölgəni indiki şəraitdə tam təmin edir. Bu, ümumi sistemdə olduğu üçün əlbəttə ki, bərpaolunan enerji növlərinin bizim enerji balansımızda payını da artırır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq. Əkin işləri gedir, çünki müharibədən dərhal sonra göstəriş verildi ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün, yəni, buna yaxınlaşmaq üçün vaxt itirmədən işlərə başlayaq. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.Bağçılıq inkişaf edir, sənaye parkları. Məsələn, Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq investisiya layihələri təsdiqləndi, Cəbrayıl Sənaye Parkında 10 milyonluq. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır.İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı bəlkə 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. Təsəvvür edin, 50 kilometr tunel nə deməkdir. Yəni, çox tələsirəm mən, tələsirəm. Amma, eyni zamanda, özümə deyirəm ki, tələsmək olmaz, hər şey qayda-qanunla olmalıdır, tender olmalıdır, bütün şəhərsalma qaydaları təmin edilməlidir. Ona görə bu Baş planların təsdiqlənməsi, sonra inşaat işlərinin başlanması bir qədər çox çəkir. Əlbəttə ki, bu, məni narahat edir, amma digər tərəfdən biz sıfırdan başlayırıq. Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib. Böyük suvarma layihələri. Bizi ermənilər suyumuzdan da məhrum etmişdilər. Su ehtiyatlarımızın 25 faiz mənbəyi Kəlbəcər, Laçın, Zəngilandır. Həm o bölgəni su ilə təmin edəcək, o cümlədən içməli su ilə, eyni zamanda, ölkəmizin digər rayonlarına da su borularının çəkilişi nəzərdə tutulur. Yəni, çox genişmiqyaslı planlarımız var və necə deyərlər, Allah nəsib edərsə, onların hamısını icra edəcəyik.  Bu, doğurdan da böyük xoşbəxtlikdir.Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq – bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı.

       

3. “Biz indi yeni idarəetmə modeli üzərində işləyirik.”

     

…Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik.

     

4. “Delimitasiya istəmirlərsə, onda sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək.”

       

Mənim fikrimcə bu il çox məsələlərə aydınlıq gətirəcək….Biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi…Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır… Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar…Mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər.

     

5. “Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır.”

       

Biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır.

 

 

6.“Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır.” 

     

Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Ona görə biz, əlbəttə ki, lazımi tədbirləri görürük və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın, heç vaxt imkan verə bilmərik.

     

7. “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq.”

     

Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün.

       

8. “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.” 

       

…Sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək…Biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq.Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna nail olacagıq və tarixi ədaləti bərpa edəcəyik…. Necəki vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.

     

9.”…Bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur.”

     

Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik.

       

10. “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur.”

       

O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik. Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir. Nəzərə alsaq ki, bizim çox böyük resurs bazamız var, artıq infrastrukturumuz var və Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımız var, əlbəttə ki, diqqət Azərbaycan üzərinə yönəldilir.

     

11. “Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur.”

       

Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir. Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq…Biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək.

     

12.”Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur.”

     

Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi.Rusiya-Ukrayna müharibəsindən sonra dünya da dəyişdi.Bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük, əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik. Çünki biz həmişə reallığa söykənməliyik və qarşımıza qeyri-real hədəfləri qoymamalıyıq,bölgədə və dünyada öz yerimizi bilməliyik və möhkəmləndirməliyik. BMT-yə gəldikdə isə BMT-yə bizim münasibətimiz indi bəllidir…İndiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır. Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mən hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, – indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, – yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir. Çünki Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir. Dünya qütbləşib və qarşıdurma dərinləşir. Qərblə Rusiya arasında uçurum dərinləşəcək, mən belə görürəm. Müharibənin nəticələri əlbəttə ki, buna təsir edəcək, müharibə başa çatandan sonra. Amma bu qarşıdurma və inamsızlıq uzun sürən bir prosesdir. Bu boşluq təbii ki, bu vakuum ola bilməz. Kim ola bilər burada güc mərkəzi? Mən hesab edirəm,Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü.    

       

Əli Məsimli sonda onu da xüsusi vurğulayb ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi bu müsahibə zamanı  açıqlamaları, mesajları Azərbaycan cəmiyyətində Qərbi Azərbaycan, Qarabağla bağlı yaxşı ovqat yaradıb, milli birliyin daha da möhkəmləndirilməsinə yönəlib.Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb.İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkəmizin ən abad guşələrindən birinə çevrilməsi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün çoxşaxəli quruculuq işləri gündən-günə genişlənir. Bu, təkcə ölkəmiz üçün deyil, yaşadığımız regionda dayanıqlı sülh və tərəqqiyə əsaslanan gələcəyin təməl daşı sayıla bilən çox böyük tarixi nailiyyətdir.Hər şeyi öz adı ilə adlandırsaq, bu da bir reallıqdır ki, Azərbaycanın nail olduğu bu yeni keyfiyyət halı qlobal proseslərə də öz təsirini göstərməyə başlayıb. Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcudluğu ölkəmizin geosiyasi imkanlarını grtdikcə artırır. Bu tarixi şansdan yetərincə faydalanmaqla və  həmişə reallığa söykənib qarşımıza real hədəflər qoymamaqla,bölgədə və dünyada öz potensialımııza layiq yerimizi möhkəmləndirməkdən ötrü   ümumi sayı sayı 50 milyonu aşan böyük xalq kimi digər şərtlərlə yanaşı, ilk növbədə həm də milli həmraylıyımızi bu yeni mərhələdə də qoruyub saxlamalı və daha yüksək keyfiyyət səviyyəsinə qaldırmalıyıq ki, yaşamağa başladığımız 2023-cü il və sonrakı illər yeni hədəflərə çatmaq yolunda xalqımız,dövlətimiz,30 il köçkün həyatı yaşamağa məhkum edilmiş bacı və qardaşlarımız,hər birimiz üçün hər cəhətdən düşərli,uğurlu  olsun.Çünki yeni hədəflərə doğru gedən yol  və qarşıda duran vəzifələrin dolğun şəkildə gerçəkləşməsi  milli həmrəyliyimizin daha da möhkəmləndirilməsindən keçir…”

Mənbə

Share: