Prezident sərəncamı icra edilmir: hər il üçün bir yalan…

Prezident İlham Əliyevin 2011-ci ildə Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucladılması ilə bağlı verdiyi sərəncam hələ də icra olunmayıb. 11 ildir aidiyyəti qurumlar bununla bağlı müxtəlif səbəblər gətirib işi yubadırlar. Hətta 2020-ci ildə heykəlin açılışının olacağı deyilmişdi. Həmin il yalnız postament hazırlaya bildilər.

Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətindən Axar.az-a 2021-ci ildə bildirilmişdi ki, Nizami rayon İcra Hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər. Hələ indi, 10 il sonra təkliflər hazırlayırlar. Komissiya yaradılır, layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

“Yaxın zaman”dan 1 il keçib. Görəsən külli miqdarda vəsait ayrılan heykəlin aqibətindən niyə hələ də xəbər yoxdur?

Bakı meriyasından bu dəfə saytımıza verilən açıqlamada deyilib ki, Mədəniyyət Nazirliyi heykəli nə vaxt hazır etsə, onda qoyulacaq:

“BŞİH işi icra edən qurumdur. Nazirlik hazır edən kimi heykəl yerinə qoyulacaq”.

Mədəniyyət Nazirliyindən isə saytımıza bildirilib ki, xalq rəssamı Arif Qazıyev tərəfindən Babəkin abidəsinin layihəsi hazırlanıb:

“Layihəyə “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası”nın növbəti iclasında baxılacaq”.

Nazirliyə xatırlatmaq istərdik ki, A.Qazıyev 2019-cu ildə mediaya verdiyi açıqlamada bütün işləri tamamladığını demişdi: “Hazırda heykəlin qəliblənməsi gedir. Gipsdə model çıxdıqdan sonra bürüncdən töküləcək. Babəkin heykəlinin atla birlikdə hündürlüyü 10,5 metrdir. Heykəlin qoyulacağı yer maili olduğu üçün qarşı tərəfdən 9 metr, arxa tərəfdən 6 metrdir. Mən maraqlandım, dedilər ki, açlış gələn ilin (2020) martında olacaq”.

Hətta A.Qazıyev heykəlin hazırlanma ərəfəsində həyəcandan infarkt keçirdiyini də demişdi.

Onu da qeyd edək ki, taleyi bəlli olmayan heykəlin Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulması planlaşdırılır.

Share: