Prezidentdən aztəminatlı ailələrlə bağlı – Mühüm sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.

2. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

2.2. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

3.2.1. Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. TƏBİB-ə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.2. Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər.

 

Share: