Prezidenti təhqir edən Kəraməti hansı cəza gözləyir?

Tənqid etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əks olunub. Hər hansı bir tənqidə görə tənqid edən şəxsin təqib edilməsi Konstitusiya ilə qadağandır. Heç kəs tənqidə görə təqib olmaz.

Bunu Axar.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov son günlər bəzi şəxslərin sosial şəbəkələrdə tənqidi aşan ifadələr işlətməsi və bunun hüquqi əsasları haqda danışarkən deyib.

O bildirib ki, ayrı-ayrı məmurları tənqid etmək, onların ayrı-ayrı fəaliyyətləri ilə bağlı fikirlər səsləndirmək adi bir şeydir:

“Ümumiyyətlə, məmurların toxunulmazlıq hüququ yoxdur. Çünki onlar ictimai işlərlə məşğuldur. Buna görə də onların tənqid edilməsi dünyanın hər yerində birmənalı olaraq normal qarşılanır.

Qanunla yalnız və yalnız ölkə Prezidentinin toxunulmazlıq hüququ var. Cinayət Məcəlləsinin 323-cü maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәti qorunur. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma halları olarsa, bu zaman şəxs və ya şəxslər iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yeni qanunvericiliyə edilən dəyişikliyə görə, sosial şəbəkə kütləvi çıxış sayılır. Bu səbəbdən sosial şəbəkələrdə Prezidentə qarşı təhqirə yol verən şəxslər barəsində cinayət işi qaldırıla bilər.

Sosial şəbəkələrdə işlədilən ifadənin tənqid, ya da təhqir olduğunu ekspertlər müəyyənləşdirir”.

Qeyd edək ki, son günlərdə yazıçı Kəramət Böyükçöl feysbukda canlı yayım edərək ölkə Prezidenti Ilham Əliyevi təhqir etmişdi və o, hal- halhazırda polis tərəfindən saxlanılıb.

Share: