
“Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya prezidenti, kansleri və Almaniyanın 30-a yaxın şirkət rəhbərləri ilə görüşləri dövlətimizin maraqlarının reallaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə kimi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var.”
Bu fikirləri Moderator.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib.
Millət vəkili diqqətə çatdırıb ki, hazırda Azərbaycanla Almaniya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Bu ölkə Azərbaycanın müstəqilliyini 1992-ci il 12 yanvar tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. Azərbaycanla Almaniya arasında əlaqələrin tarixi isə daha qədimdir. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə Almaniyanın xarici ticarət palatası fəaliyyət göstərir.
Almaniyanın iş adamları ölkəmizdəki əlverişli investisiya mühitindən geniş şəkildə bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər. Almaniya Kansleri Azərbaycanın həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş olduğunu bildirib: «Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur».
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma Memorandumu bu əlaqələrin daha da inkişaf edəcəyindən xəbər verir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Bu haqda Prezident İlham Əliyev deyib: «Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik. İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var.»
Prezident İlham Əliyevin Berlində iştirak etdiyi görüşlərdə Almaniya rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə növbəti dəfə dəstək ifadə etmələrini Tamam Cəfərova xüsusilə vurğuladı. “Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri dövründə bu dövlətin prezidenti və kansleri ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət etdiyini açıq şəkildə bəyan etdilər. Onlar ermənilərin arzularının əksinə olaraq, separatizmə, Qarabağın “müstəqilliyinə” dəstək ifadə etmədilər, ölkələrin ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğuladılar. Bununla Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmasının zəruriliyini bütün dünyaya nümayiş etdirdilər”.
Sonda Tamam Cəfərova əlavə edib ki, Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək. Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda, Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir. Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.