
Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev ilə görüş keçirilib.
Modern.az-ın məlumatına görə, görüşdə Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəst Cəfərov, Xüsusi Nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Görüş zamanı rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbədən söhbət açıblar. Azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq, bərpa işlərindən danışaraq göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Prezident İlham Əliyevin tapşırığı əsasında rayonda bərpa-quruculuq, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq dövlət proqramlarının işlənib hazırlandığını qeyd etdilər.
Sonda rayon sakinlərinin təklifləri və fikirləri dinlənilərək geniş müzakirələr aparılıb.
Görüşünm içtirakçısı olan jurnalist Ramilə Qurbanlı Modern.az-a bildirib ki, tədbirdə çox maraqlı və gərəkli müzakirələr olub:
“Rayon ziyalılarından bilmədiyim çox maraqlı və gərəkli fikirlər eşidib öyrəndim. Rayon ərazisində fəaliyyətdə olan və düşmənin kor qoyduğu 360 bulaq, 118 kəhrizin ilk növbədə bərpa olunması üçün təkliflər verildi. Cəbrayıl ərazisində ilk insan məskənlərindən biri olan Divlər sarayı da daxil olmaqla tarixi yerlərin və ziyarətgahların bərpa söhbəti getdi. Öyrəndim ki, Cəbrayılın Pirəsəd adlanan kəndi olub və sovet dönəmində bu tarixi, pirlərlə və dolu kəndi sadəcə repressiyaya uğrayıb, silinib.
2026-cı ilə qədər Cəbrayıl şəhəri, Xudafərin qəsəbəsi və daha 10 kənd tikilib əhalinin ixtiyarına veriləcək, 11213 nəfərin öz yurduna köçəcəyi kimi yeni xəbərlərdən də hali oldum.
Rayonun ərazisi kənd təsərrüfatının hansı sahələri üçün daha münbitdir, rayonda hansı tarixi abidələr, neçə məçid, daha nələr olub və nələrin də yenədənqurulmada nəzərə alınacağı barədə müzakirələr oldu. Rayonun müxtəlif sahələrdən olan mütəxəssisləri maraqlı fikirlər səsləndirdilər”.
Jurnalistin sözlərinə görə, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəst Cəfərov bütün fikirləri xırdalıqlarına qədər diqqətlə dinləyib və qeydlər götürüblər:
“İnanıram ki, çox gərəkli təkliflər hamısı nəzərə alınacaq. O cümlədən mənim Aşağı Maralyan kəndinin adının olduğu kimi qalması, bərpası, Aşıq Pərinin məzarı və məzarüstü abidəsi barədə təklifim. Bu yerdə icra başçısı Kamal Həsənova xüsusi təşəkkür edirəm ki, kəndə bağlı qaranlıq məqamlara aydınlıq gətirməkdə sözümün üstünü götürdü və bu məncə, çox böyük əhəmiyyət kəsb etdi. Daha bir xoş xəbər odur ki, Cəbrayıl camaatı da öz torpaqlarına gedib, əzizlərinin məzarlarını ziyarət edəcəklər. Buna şəraitin yaradılması üçün iş gedir və Novruz bayramına qədər turlara başlanacaq.
Görüşdən yaxşı təəssüratla, xoş ümidlərlə ayrıldım. Üstəlik, doğma insanlarla ünsiyyətdə olmağa çox böyük ehtiycım olduğunu anladım. Təşkilatçılara təşəkkür edib, tezliklə Cəbrayılda görüşməyimizi arzulayıram!”.