
Prezident İlham Əliyev sərəncamı ilə Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.
Modern.az yeni təyin olunan xidmət rəisinin dosyesini təqdim edir:
Hacıyeva Səbinə Xalid qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Mühəndis İnşaat institutunu “memar” ixtisası üzrə bitirib.
1994–2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Landşaft Memarlığı” kafedrasında müəllim, 2000–2015-ci illərdə “Abidələrin bərpası və mühafizəsi” laboratoriyasında müdir, hal-hazırda isə “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının müdiri işləyir. 1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib.
2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur. 1 aprel 2016-ci il tarixində BMA-ın Azərbaycan Akademik Mərkəzinin ilk iclasında Bakı Akademik Mərkəzinin elmi katibi seçilib. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.
Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib, 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Əməkdar memar fəxri adı verilib.