
“Müharibə uduzulacağı təqdirdə məyus olan rus xalqı Rublyovkadakı evinizin qarşısına yabalarla çıxacaq…”
İncik və qəzəbli Priqojn Rusiya Müdafiə Nazirliyi haqqında bütün həqiqətləri üzə çıxarıb
“Vaqner qrupu” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi (MN) ilə öz münaqişəsini ictimai müstəviyə çıxarmaqda davam edir. Münaqişənin əsasında Baxmuta hücum edən muzdlular üçün döyüş sursatlarının kəskin qıtlığıdır.
Moderator.az xəbər verir ki, Priqojinin növbəti emosional çıxışını onun mətbuat xidməti dərc edib. Bu barədə “24 kanal” məlumat yayıb.
O, Rusiya hərbi rəhbərliyinin döyüş sərəncamını oxuyub, burada “dəqiq deyilir ki, “vaqnerçilərin” öz mövqelərini tərk etməsi vətənə xəyanət kimi qiymətləndiriləcək”.
Bu sənəddə göstərilir ki, Rusiya MN, guya, özəl hərbi şurkətini bütün zəruri döyüş sursatları ilə təchiz etməyi öhdəliyinə götürüb.
Priqojin əmin edib ki, “Vaqner qrupu”na kifayət qədər döyüş sursatı hələ də verilməyib. Ona görə də muzdluların şəhəri tərk etməsi üçün tam haqqı var. Buradan kimin “vətənə xəyanət etdiyi” sualının cavabı aydın olur.
“Bizim sorğumuzda 31 maddə var. Bizə verilənlər 15 bəndi, yəni yarısını əhatə edir. Biz 10 günə 7200 vahid xahiş edirik, bizə 1600 ədəd verilir, 960 vahid əvəzinə 60 vahid verilir…
Bu gün səhər Baş Qərargah rəisi şəxsən bütün rəqəmlərə əl gəzdirib və onları 10 dəfə azaldıb. Bu, heç yaxşı iş deyil”, – Priqojin qeyd edib.
Onun sözlərinə görə, Rusiya MN “vaqnerçilərin” Baxmut şəhərin ələ keçirməməsi üçün hər şeyi edir. Bu zaman Priqojin Vladimir Putinə cəbhədəki döyüş sursatları ilə bağlı gerçək vəziyyəti danışmağı vəd edib.
“Əgər bütün vəzifələr Ali Baş Komandanı aldatmaq naminə icra edilirsə, o zaman ya o, sizin külünüzü göyə sovuracaq, yaxud da müharibə uduzulacağı təqdirdə rus xalqı məyus olacaq.
Sonra isə bu xalq müharibə uduzulacağı təqdirdə Rublyovkadakı evinizin qarşısına yabalarla çıxacaq”, – Priqojin Rusiya hərbi rəhbərliyini təhdid edib.
Bundan başqa, Priqojini qəzəbləndirən o olub ki, Rusiya Silahlı Qüvvələri (SQ) bölmələrinin birinin əsgərləri Baxmutun cənubundakı cinahda mövqelərini tərk edib qaçıb. Cəbhənin təxminən 3 kv km sahəsi boş qalıb, “Qazprom”un “Fakel” hərbi bölməsi isə mövqelərə çıxmaqdan imtina edib.
Ona görə də “vaqnerçilər” “bir təhər” yaranmış boşluğu doldurmalı olub. Bəlli olub ki, mövqeləri tərk edib qaçan Rusiya SQ 72-ci briqadasının döyüşçüləridir.
Bununla əlaqadar olaraq Priqojin Rusiya MN məmurlarını “Rusiyanı satmaqda və qəsdən əsgərləri mənasız ölümə göndərməkdə” ittiham edib.
“Əsgər onun rəhbərliyinin tamamilə axmaqlığı ucbatıbdan həlak olmamalıdır. Bu axmaqlığı isə yerlərdəki general və polkovniklər icra etməyə borcludur. Yuxarıdan verilən bu komandalar tamamilə cinayətkardır.
Mən vurğulamaq istəyirəm: “Rusiya xalqının məhvi və vətənə xəyanət” adlı cinayət törədilir. Bununla bir yığın adam məşğuldur”, – Priqojin bəyan edib.
Xatırladaq ki, iki gün əvvəl “Vaqner qrupu”nun rəhbəri sevinclə məruzə edib ki, onun bölməsinə Baxmutda hesab etdiyi tərzdə hərəkət etmək üçün izn verilib. Bundan başqa, özəl hərbi şirkətin təchizatı üzrə qərarları Rusiya MN ilə qarşılıqlı əlaqə çərçivəsində general Sergey Surovikin qəbul edəcək.
Bundan öncə Priqojin vəd edib ki, mayın 10-da saat 00:00 da döyüş sursatları çatışmazlığı səbəbindən Baxmutu tərk edəcək.
Bu arada isə hərbi ekspert, Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman qeyd edib ki, Priqojinin bəyanatlarına ciddi yanaşmağa və onları media məkanında daima müzakirə etməyə ehtiyac yoxdur.
Onun fikrincə, hüquqi cəhətdən özəl hərbi şirkət Baxmutdan çıxa bilər. Bu şirkətlə müəyyən vəzifələrin icrası üçün müqavilə bağlanılıb və onlar bu müqaviləni müəyyən səbəblərı görə (belə səbəblər həqiqətən mövcuddur) müqaviləni pozsalar, heç bir hüquqi məsuliyyət olmayacaq, hərbi ekspert deyib.
Getman vurğulayıb ki, amma bunu etməyə Priqojinə imkan verilməyəcək və ona xəbərdarlıq ediləcək ki, əks halda onun başı ağrıya bilər.