Bir neçə gün əvvəl Modern.az-a açıqlama verən Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, dilçi-alim Möhsün Nağısoylu bildirib ki, indiyədək Azərbaycan dilinin etimologiya lüğəti hazırlanmayıb.
“Azərbaycan dilinin etimologiya lüğəti indiyə kimi hazırlanmayıb. Halbuki digər xalqların çoxu etimologiya lüğətini hazırlayıb. Tatarlar, yakutlar, başqırdlar, qazaxlar, Türkiyə türklərin özü, ancaq bizdə yoxdur”, – o qeyd edib.
Məqalənin dərc edilməsindən sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya elmlər doktoru Anar Kərimov Modern.az-a müraciət edib.
O, 2023-cü ildə “Azərbaycan dilinin etimoloji lüğəti” kitabı hazırladığını bildirib.
“Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya elmlər doktoru, dilçiyəm. İngilis, fars, fransız, alman, çin, qədim fars, pəhləvi dillərini bilirəm. “Azərbaycan dilinin etimoloji lüğəti (I hissə)” 2023-cü ildə nəşr olunub. Bu mənim sayca on dördüncü kitabımdır.
Əsər yazılarkən yeddi dildə (Azərbaycan, türk, rus, fars, ingilis, alman, fransız) yazılmış ədəbiyyatla yanaşı, lüğətdə verilmiş hər bir sözün ən erkən dövrlərdə Azərbaycan dilində işləndiyini sübuta yetirmək üçün “Kitabi- Dədə Qorqud”, “Kutadgu Bilig”, Nizami Gəncəvinin “Xəmsə”si, Nəsiminin “Divan”ı və başqa bu kimi ədəbi mənbələrə müraciət edilib”.
Anar Kərimov qeyd edib ki, etimoloji lüğət ilk növbədə dilin tarix varlığını sübut edən sənəd rolunu oynayır:
“Dilimizin inkişaf tarixini orta əsrlərdən başlayaraq yazılı mənbələrdə izləmək mümkün olsa da, onun tam təsvirini vermək çətin olur. Bunun üçün Azərbaycan dili tarixinin ayrı-ayrı dövrlərinə dair əsərlərin meydana gəlməsi zəruridir və bu əsərlərdən biri də dilin etimoloji lüğətidir. Bu növ əsərlər ana və kök dil adlanan dildən ayrıldıqdan sonra dilin müstəqil inkişaf xəttinin, onun digər dillərlə əlaqəsi nəticəsində meydana gəlmiş dəyişikliklərin araşdırılmasını nəzərdə tutur. Etimoloji araşdırmaların davamlı olması dilin gələcək inkişaf qanunauyğunluqlarını da düzgün müəyyən etməyə imkan verir. Araşdırmalar göstərir ki, bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də heç bir element təsadüfi şəkildə yaranmayıb. Hər birinin formalaşması və inkişafı tarixi və nəzəri əsaslara söykənir”.
Modern.az məsələni dəqiqləşdirmək üçün yenidən Möhsün Nağısoylu ilə əlaqə saxlayıb. O, sözügedən kitabdan xəbərinin olmadığını bildirib.
“Mənim bu kitabdan xəbərim yoxdur, mən görməmişəm. Etimologiya lüğətini Bəşir Əhmədov hazırlayıb. O isə kiçikhəcimlidir. Yüksək səviyyəni ödəmir. Axı bu lüğət varsa, gərək mütəxəssislər tərəfindən ona rəy verilə, bu kiçik şey deyil ki?! Bu lüğət 3-4 cilddə olur”, – o qeyd edib.