Dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmət Qədirov şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.