Prokurorluq işçilərinin maddi təminatı artırılır

“Bildiyimiz kimi, Milli Məclisin yaz sessiyasında vahid əmək haqqı sisteminin tətbiqi ilə əlaqədar “Məhkəmələr və hakimlər haqqında”, “Deputatların statusu haqqında” qanunlara, “Ombudsman haqqında” Konstitusiya Qanununa müvafiq dəyişikliklər qəbul edildi. Həmin qanunlarda əmək haqqına əlavələrin və müavinətlərin ləğv edilməsi, eyni zamanda vəzifə maaşına artımlar tətbiq olundu”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə deyib.

 

O bildirib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədlərindən biri kimi dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması nəzərdə tutulub.

 

“Bu gün təqdim edilən “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara təqdim edilən müvafiq dəyişikliklər də qeyd edilən məqsədlərə uyğun olaraq prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının yaxşılaşdırılması və vahid əmək haqqı sisteminin tətbiq edilməsini nəzərdə tutur. Habelə dəyişikliklərdə prokurorluq işçilərinin, o cümlədən onların ailə üzvlərinin tibbi təminatının həyata keçirilirməsinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması təklif olunur”, – deyə deputat qeyd edib.

 

Qeyd edək ki, layihəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Mənbə

Share: