ABŞ- Prezident Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Millətin Səsi.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.
“Rusiya Prezidenti Vladimir Putinlə təxminən 1 saat 15 dəqiqə davam edən telefon danışığımız oldu. Biz Ukraynanın Rusiyaya məxsus strateji aviasiya təyyarələrinə hücumu və digər qarşılıqlı hücumlar barədə danışdıq,” – deyə Tramp bildirib.
O, söhbəti “yaxşı” adlandırsa da, danışıqların dərhal sülhə gətirib çıxarmayacağını vurğulayıb.
Trampın sözlərinə görə, Putin Ukrayna tərəfindən Rusiyanın aerodromlarına edilən son hücumlara cavab verməyə məcbur qalacağını “çox qətiyyətli şəkildə” bildirib.
Söhbət zamanı tərəflər İran məsələsini də müzakirə ediblər. Tramp qeyd edib ki, “İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxtı tükənir və bu qərar tezliklə verilməlidir”.