Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbərliyi Türkiyənin Novorossiysk şəhərindəki Baş konsulluğunu ziyarət edib.
Modern.az xəbər verir ki, ziyarət zamanı “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov qardaş ölkədə baş vermiş dağıdıcı təbii fəlakətlə əlaqədar Türkiyənin Novorossiyk şəhərindəki Baş konsulu Fırat Bayara başsağlığı verib. “Araz”ın Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı, Yessentuki, Georgevsk, Budenovsk, Nevinamınsk, Stavropol şəhərlərindəki təşkilatları, Qaraçay-Çərkəz, Kabardin-Balkar Respublikalarındakı Azərbaycan diaspor təşkilatları üzvlərinin və Şimali Qafqazda yaşayan müxtəlif icmaların zəlzələ nəticəsində həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğunu, yaralıların tezliklə sağalmasını dilədiklərini bildirib. Nəzərə çatdırıb ki, Stavropol diyarındakı və Şimali Qafqazdakı Azərbaycan diaspor təşkilatları Türkiyənin acısını öz acıları kimi qəbul edərək, qardaş ölkəyə humanitar yardımın toplanmasında fəal iştirak ediblər.
Sonra “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin operativ qərargahında 3,5 milyon rubl dəyərində toplanan humanitar yardım Baş konsulluğa təhvil verilib.
Baş konsul Fırat Bayar çətin günlərdə Türkiyənin yanında olan Azərbaycan diaspor təşkilatlarına minnətdarlığını bildirib.