Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib.
Oyunda hesabı qonaqlar açıblar. Qarşılaşmanın 4-cü dəqiqəsində Luvaqqa Kizito erkən qolla “Səbail”i hesabda önə çıxarıb.
“Qəbələ” 35-ci dəqiqədə status-kvonu bərpa edib. Fares Abu Akel dəqiq oynayıb.
İlk hissə bərabərliklə yekunlaşıb.
İkinci hissədə daha bir qol vuran meydan sahibləri matçı qalibiyyətlə başa vurublar. Ruan Renato 63-cü dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.
Bu nəticə ilə xallarının sayını 24-ə yüksəldən “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. “Səbail” isə 10 xalla 8-cidir.
Qeyd edək ki, turun açılış oyununda dünən “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.
Bu gün isə saat 17:00-da başlayacaq görüşdə “Sabah” – “Şamaxı” ilə oynayacaq.
Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.