
“Azərbaycanın çox yaxşı insanları var. Komandamızda isə hələlik hər şey qaydasındadır”.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Adriel Ba Loua klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Əyalət təmsilçisinə transfer edildiyi üçün xoşbəxt olduğunu bildirib: “Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi. Amma ölkənizdən təklif gələcəyini gözləyirdim. “Qəbələ”dən dəvət gəldikdən sonra araşdırdım, hər şeyi götür-qoy etdim və sonda qərarımı verdim. Burada olmaq çox xoşdur. Azərbaycan və Qəbələ gözəldir. Hələ qarşıda vaxtımız çoxdur. Fikrimcə, keyfiyyətli komandamız var”.
“Qəbələ” ötən il 1-ci liqada çempion olub. Düşünürəm ki, bu təsadüfi deyil. Komandanı bir çox futbolçuların tərk etməsinə baxmayaraq, heyətimizin keyfiyyətli olduğuna inanıram. Peşəkar və təcrübəli məşqçilər heyətimizlə gözəl işlər görə bilərik. Ümidvaram ki, yaxşı nəticələrə imza atmağı bacaracağıq. Mən də “Qəbələ” üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, “Qəbələ” Adriel Ba Loua ilə 1 illik müqavilə imzalayıb.