8 Noyabr – Zəfər Günü münasibəti ilə Goranboyda tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən idarə, təşkilat və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Öncə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda, 2020-ci il sentyabrın 27-dən başlayan və böyük Zəfərlə yekunlaşan, dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. İcra başçısı, bu şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq, Möhtəşəm Qələbə müjdəsini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırıb.
Tədbirdə rayon mədəniyyət evinin incəsənət ustalarının və məktəblilərin ifasında ədəbi-bədii proqram, idmançılarımızın idman göstəriciləri və gənc rəssamaların əl işlərindən ibarət rəsm sərgisi və digər sənət nümunələri nümayiş etdirilib.