Əvvəllər ailələrin dağılmasında günahkar qaynanalar, qayınatalar, baldızlar canfəşanlıqlar göstərirdilər. Səbəb kimi də qız tərəfi oğlanı, oğlan adamları isə gəlini hədəf seçib günahlandırırdılar.
Nəticədə qohum əqrabalar arasında “yaxşı” söhbət mövzusu olurdu və bir ailənin mövcudluğuna son qoyulurdu. Uşağı atasız, atanı uşaqsız, gəlini ərsiz qoyanların vəzifəsini indi televiziya aparıcıları yerinə yetirərək şoular düzəldir və bu iyrənc oyunlarla millətimiz üçün müqəddəs olan ailə dəyərlərini ayaqlar altına atırlar.
İndi evdə əri ilə problemi olan gəlin atası evinə getmir. Ya Xoşqədəmə pənah aparır, ya xaricə üz tutur, ya “sevgili”sinə qoşulub qaçır, ya da sosial şəbəkələrdə müzakirələr açdırır. Çox vaxt da məhkəmələrdə ev və aliment davası gedir: sanki bu da bir biznesdir..
Son olay isə ailə daxili məsələlərin daha uzağa getdiyini göstərir. İndiki məsələ ata və övlad arasındadır; Fuad Qəhrəmanlının qızının atası haqqında yazdıqları əsl tradegiyaya çevrildi.
Bu məsələ nəinki mətbuatda, artıq siyasilər və millət vəkilləri səviyyəsində müzakirə olunur. Doğurdanmı bunların niyyəti xoş məramlıdı?
“Qızğın” müzakirələri aparanlar bir ailəni bir araya gələ bilməyəcək hala gətirdilər. Son müzakirələr ata ilə qızını bir-birinə düşmən etdi və cəmiyyətdə daha da şiddətə, gələcəkdə yeni qurbanlıq ailələrin yaranmasına səbəb oldu.
Ata övladını sevirsə, səhvi olanda danlayar da, əndazəsini aşanda döyər də.. Ata ilə övlad arasındakı münasibətlər ailələrin daxli işidir. Atalarımız səhv ediblərmi? “Qızını döyməyən, dizini döyər” müdrik sözü işlədiblər.. Uşaqlar valideyn olanda səhvlərini anlayırlar, onda da çox gec olur.
Uşaqlar dərs oxumayanda, evə gec gələndə, avara uşaqlara qoşulanda Əhəd Abıyeva, İqbal Ağazadəyə demək lazımdırmı?
Yoxsa öz evindəkinə normal qayğı göstərə bilməyənlər problemi həll edəcəklər?
Əgər övladımın səhvi olanda ona bir şillə vururamsa, o səhvini anlamaq əvəzinə məsələni ictimailəşdirəcəksə, o övlad mənə lazım deyil? Yaxud o cəmiyyət, gecəmi gündüzə qatıb böyütdüyüm övladımı mənə düşmən edəcəksə, o cəmiyyət də mənə lazım deyil!!
…Fuad Qəhrəmanlını müdafiə etmək, yaxud onun qızını tənqid etmək fikrindən tam uzağam.. Əgər imkanınız varsa, bir ailəni dağılmaqdan qoruyun.. Bir ailənin doğma üzvlərinin arasındakı anlaşılmazlığı aradan qaldırın.. Yoxsa, mən onun yanındayam, mən bunun yanındayam deməklə “Qəhrəmanlıq” etmək olmaz!! Bunların nəticəsidir ki, biri atasından, biri övladından, biri vətənindən imtina edir. Sonda da vicdanından..
Talıb Əhədov
Milletinsesi.az