Qələmlə yazılan tarix: “İstiqlal” qəzetinin izləri

Qələmlə yazılan tarix: “İstiqlal” qəzetinin izləri

1918-ci ilin 31 mart hadisələrinədək Azərbaycanda 15-ə yaxın ana dilində qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb keçmişdi. “Əkinçi”  qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə ana dilində cəmi 40 adda qəzet çıxmışdısa, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı iki yüzdən çox idi. Dövrü mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri, hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və disskusiyalara verilən meydan ilə bağlı idi.

Əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyətinin jurnalist olmalarındadır. 1918-1920-ci illərdə çap olunan çeşidli mətbu orqanlar arasında daha geniş oxucu auditoriyasına Azərbaycan Cümhuriyyətinin fəaliyyəti ilə bağlı mətbu orqanlar malik idilər. Çünki bu tip mətbu orqanlar zəngin tarixi ənənələrə, özündən əvvəlki milli mətbuat nümunələrinə əsaslanırdılar. Belə nəşrlərdən biri də “İstiqlal” idi. 

Mətbuat tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı elmi araşdırmalarında bildirib ki, “İstiqlal” qəzetinin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. A.Aşırlı diqqətə çatdırıb ki, “İstiqlal”ın ideya-siyasi istiqaməti, məqsəd və vəzifələri M.Ə.Rəsulzadənin ilk nömrədə çap olunan baş məqaləsində geniş şərh olunub: “İnsanların istiqlalına hürriyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyətinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmusu olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir. Azərbaycan istiqlalı! İştə, bir şüar ki, firqəmiz onun ilk ələmdarı olmaq şərəfi ilə iftixar eylər. İştə, bu qanlarla söndürülməyən və bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdiyimiz Azərbaycan istiqlalını müdafiə üçün “İstiqlal” nəşrə başlayır”.

Qəzetin epiqrafı üçün böyük türk şairi Tofiq Fikrətin “Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol” misraları seçilib. “Turan” mətbəəsində çap olunan “İstiqlal”ın əsas müəllifləri dövlət müstəqilliyini təbliğ edən, bu yolda yorulmadan qələm mübarizəsi aparan istiqlalçı publisistlər idi. M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Məhəmmədəli Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli “İstiqlal”ın əsas yaradıcı sütunlarını təşkil edirdi. Qəzetin “Firqə həyatı” rubrikası altında Bakı və ətraf rayonlarda “Müsavat” Partiyasının özəklərinin fəaliyyəti işıqlandırılırdı. Partiyalararası ixtilaflar, fikir çəkişmələri, hakimiyyət uğrunda ideoloji savaş da  qəzetin səhifələrində yer alır, siyasi polemikalara meydan verilirdi. Cümhuriyyət parlamentinin ən böyük fraksiyaları olan, siyasi baxımdan bir-birinə zidd mübarizə aparan “Müsavat” Partiyası ilə “İttihad” arasında fikir ixtilafları da “İstiqlal”ın səhifələrində aparılıb. Bədii ədəbiyyata da önəm verən “İstiqlal” qəzeti Ə.Cavadın, Ümmugülsümün, Əli Yusifin, C.Cabbarlının ədəbi yaradıcılığını da səxavətlə çap edirdi. 

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dossenti, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Qərənfil Dünyaminqızı deyib ki, “İstiqlal” qəzetinin 1920-ci il aprelin 20-də sonuncu, 42-ci sayı nəşr edilib. Alim nəzərə çatdırıb ki, cəmi 42 sayı işıq üzü görən qəzet Məhəmməd Əmin Rəsulzadənin və Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə fəaliyyət göstərib:

“Onların adları redaktor kimi yazılmasa da, qəzetin səhifələri, oradakı siyasi-publisistik məqalələrlə tanış olarkən aydın görünür ki, “İstiqlal”ın yaranmasında və faəliyyətində M.Ə.Rəsulzadə və M.B.Məmmədzadənin çox böyük rolu olub. “İstiqlal” qəzeti görkəmli şair Tofiq Fikrətin məşhur “Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!” beyti ilə çıxırdı. Novruz mətbəəsində çapa başlayan qəzetdə daha çox M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin imzalarına rast gəlinir. Xüsusən həmin imzalarla verilən elmi-siyasi və publisistik məqalələr diqqəti cəlb edir. İstiqlalımızı qoruyub saxlamaq, yaşatmaq, dünyaya bəyan etmək mövzusunda çoxsaylı məqalələr qəzetdə dərc olunub. 1919-cu ilin mayın 28-də M.Ə.Rəsulzadə və digər yazarlar “İstiqlal”da bayram münasibəti ilə məqalələrlə çıxış ediblər”.

Q.Dünyaminqızı əlavə edib ki, qəzetdə siyasi məzmunlu məqalələr üstünlük təşkil edirdi. Xüsusən, şimal qonşumuzla bağlı materiallar, Rusiyanın ilk günlərdə istiqlalımızı tanımaq istəməməsi, boğmağa, məhv etməyə çalışması, yerli bolşeviklərlə əlbir olaraq Cümhuriyyəti süquta uğratmaq məqsədi ilə törədilən təxribatlar, nümayişlər, leqal və qeyri-leqal şəkildə çıxarılan qəzetlər, jurnallar haqda “İstiqlal”da məqalələr dərc olunur, məlumatlar verilirdi: “”İstiqlal” qəzeti bölgədə olan ziddiyyətlərdə, xüsusən azərbaycanlılar və ermənilər arasındakı münasibətlərin pisləşməsində Rusiyanın rolunu qeyd edirdi. Bu mövzuda olan yazıların əksəriyyəti M.Ə.Rəsulzadəyə və M.B.Məmmədzadəyə aiddir.

Məsələn, M.B.Məmmədzadənin bu movzuda bir neçə məqaləsinin adını çəkə bilərik. “İstiqlalımız və istiqbalımız”, “Cəbhə və arxa qüvvələr”, “Azərbaycan və İran”, “Əhd ediyoram”, “Haqq təşkilatları”, “Siyasi əhvalat”, “Azərbaycan və Türkiyə”, “Mart günləri” və ən əsası “Bizdə sinif mübarizəsi”, “Dostlarımız və düşmənlərimiz” adlı məqalələri göstərə bilərik. “İstiqlal”da Əhməd Cavadın, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Məhəmməd Hadinin, Ümmügülsüm Sadıqzadənin, Əli Yusifin bayrağımıza, millu ordumuza, istiqlalımıza həsr edilmiş şeirləri də dərc olunurdu. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu, dünyada tanıdılması, təbliğatı aparıcı mövzulardan idi. Qəzetdə az da olsa satirik məqalələr gözə dəyirdi. “Ağcaqanad” satirik imzası ilə verilən felyetonlar dövrün çatışmazlıqlarını ustalıqla təhlil edirdi”. 

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin “Turan işğında 150 il” layihəsi çərçivəsində hazırlanıb.

Mənbə

Share: