Qənirə Paşayeva Özbəkistan Ali Məclisi sədr müavini Əlişer Kadırov və Elm, təhsil və mədəniyyət komitəsinin sədri Erkin Zahidovla Şuşadan danışıb.
Millətin Səsi.az-ın məlumatına görə, Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində iştirak edən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan Dostluq Qrupunun üzvü, deputat Qənirə Paşayevanı Özbəkistan Ali Məclisi sədrinin müavini Əlişer Kadırov qəbul edib.
Görüşdə Özbəkistan Ali Məclisinin Elm, Mədəniyyət, Təhsil Komitəsinin sədri Erkin , Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov, Özbək yazıçı-publisist Şuxrat Salamov da iştirak ediblər.
Görüşdə Özbəkistan Ali Məclisi sədr müavini Əlişer Kadırov Özbəkistan dövlətinin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, tarixən mövcud olan soykök, dil, din, mədəniyyət yaxınlığının bugün də ölkə başçıları arasında yüksək səviyyəli dostluq münasibətləri nəticəsində uğurla davam etdiyini söyləyib. O, iki ölkənin Parlamentləri arasında möhkəm əlaqələrin olduğunu, Komitə sədri, deputat Qənirə Paşayevanın Özbəkistana növbəti səfərindən şad olduğunu bildirib və səfərin faydalı olacağına ümid etdiyini qeyd edib. Əlişer Kadırov Hər bir sahədə olduğu kimi mədəni əlaqələrin inkişafından da məmnun olduğunu bildirib.
Komitə sədri, millət vəkili Qənirə Paşayeva iki ölkə arasında qardaşlıq münasibətləri, Prezident İlham Əliyevin Özbəkistana səfərinin uğurlu nəticələri, son zamanlar Parlamentlərarası əlaqələrin yüksək səviyyədə inkişafı, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Özbəkistana səfərləri və qarşılıqlı əlaqələr barədə fikirlərini bölüşüb.
O, Türk dünyası arasında həmrəylik, Türk Dövlətləri başçılarının Səmərqənd şəhərində keçiriləcək zirvə toplantısını əlaqələrimizə yeni impuls verəcəyinə inamını ifadə edib.
Qənirə Paşayeva Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 30 ilə yaxın işğal altında saxlanması və Azərbaycan ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdiyini, yurd yerlərimizin azad olunduğunu söyləyib. Deputat Qənirə Paşayeva Türk dünyasına, Özbəkistana bu ağır günlərdə daim Azərbaycanın yanında olduğuna, mənəvi dəstək verdiyinə görə öz təşəkkürünü bildirib.
Görüşün Azərbaycanın qədim bölgəsi Füzuli rayonunun azad edilməsinin ikinci ildönümünə təsadüf etdiyini bildirən Qənirə Paşayeva azad edilmiş bölgələrimizdə dövlətimiz tərəfindən geniş quruculuq işlərinin aparıldığını vurğulayaraq, Füzuli rayonunda Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qərarı ilə bir məktəb binasının inşası layihəsini Azərbaycanda minnətdarlıqla anıldığını söyləyib.
Komitə sədri, millət vəkili Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri haqqında danışaraq, iki ölkə arasında tarixi dostluq əlaqələri, mədəniyyət sahəsində münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, bir sıra layihələrə dair təkliflərini verib.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov Azərbaycan-Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələr, bu istiqamətdə reallaşdırılan layihələr barədə danışıb, qarşılıqlı səfərlərin, Özbəkistanın müxtəlif şəhərlərində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin xalq arasında böyük rəğbətlə qarşılandığını qeyd edib.
Samir Abbasov Azərbaycan və Özbəkistan şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin icrası, habelə mədəniyyət təşkilatları arasında əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, 2022-ci ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Şuşa ili elan edilməsi, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi milli mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Görüşdə komitə sədri, millət vəkili Qənirə Paşayeva Özbək vitse-spiker Əlişir Kadırovu və mədəniyyət komitəsinin sədri Erkin Zahidovu Azərbaycana, habelə Şuşaya səfərə dəvət edib. Əlişer Kadırov və Erkin Zahidov dəvəti məmnuniyyətlə qəbul ediblər. Sonda tərəflər Parlamentlərin mədəniyyət komitələri arasında əməkdaşlıq və bu istiqamətdə birgə layihələr və təklifləri müzakirə ediblər.
Qənirə Paşayeva Özbək vitse-spiker Əlişer Kadırova və mədəniyyət komitəsinin sədri Erkin Zahidova Şuşaya dair rəsm əsərləri, nəşrlər hədiyyə edib.