Qərb ölkələri regional məsələləri müstəqil həll etməyə çalışan Xəzəryanı dövlətlərin siyasətinə qarışmamalıdır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri İranın Moskvadakı səfiri Kazem Cəlali ilin sonunda TASS agentliyinə müsahibəsində bildirib.
“İran həmişə sırf beş ölkə arasında əməkdaşlıq çərçivəsinin saxlanmasının vacibliyini vurğulayıb. Tehranın yanaşması, Moskvanın yanaşması kimi, Xəzər dənizinin sərvətlərinin təhlükəsizliyi və idarə edilməsinin qeyri-regional və xarici güclərin müdaxiləsi olmadan Xəzəryanı dövlətlər tərəfindən həyata keçirilməli olduğu prinsipinə əsaslanır”, – diplomat qeyd edib.
Cəlalinin sözlərinə görə, beş Xəzəryanı dövlət bu problemin həlli üçün regional əməkdaşlıq institutlarının gücləndirilməsi və təhlükəsizlik, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələrində fəaliyyətlərin əlaqələndirilməsi üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin vaxtaşırı görüşlərinin və sammitlərinin keçirilməsi kimi bir sıra sahələrdə əməkdaşlığı davam etdirir.
“Biz, həmçinin qeyri-Xəzəryanı dövlətlərin dənizdə hərbi mövcudluğunun qarşısını almaq üçün Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasına əsaslanan ümumi hüquqi baza işləyib hazırlayırıq”, – səfir əlavə edib.


