İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, analoji qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə “qara qutu”nun açılması və məlumatların oxunması böyük işıq saçacaq.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun qayınatası Qabil Hüseynli deyib.
Q.Hüseynli xatırladıb ki, R.Atakişiyevin qəzaya uğradığı təyyarənin radardan itməsi ilə radioəlaqənin kəsilməsi eyni anda olub:
“Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Hər şeyi aparılan tətqiqatların nəticəsi söyləyəcək. Bildiyimə görə, “qara qutu” Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb. “Qara qutu” bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq”.
Q.Hüseynli vurğulayıb ki, şəhidlərdən biri – Rəşad Atakişiyev torpağa tapşırıldı, onun qanı torpağa yox, Xəzər dənizinə tökülüb: “Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi. O, Vətən uğrunda şəhid oldu”.