“Qadın xoşbəxtliyini Allaha mənə yazmayıb, şükür məsləhətinə…”

 

“Ad günümü öz ailəmlə birlikdə qeyd etdim. Bu yubiley deyildi. Ümumiyyətlə, təmtəraqdan uzağam. Vaxtilə böyük ad günləri keçirmişəm. Yaşımı heç zaman gizlətməmişəm. Hətta elə olub ki, hələ tamam olmamış demişəm ki, yaşım budur. 64 yaşım tamam oldu. Allah hamıya bu yaşa qədər yaşamağı nəsib etsin. Bir övladım, 3 nəvəm var. Xoşbəxt insanam, özümü xoşbəxt hiss edirəm. Mən niyə yaşımı gizlətməliyəm? Oğlumun bu günlərdə 45 yaşı tamam oldu, mən deyə bilmərəm ki, 50 yaşım var. Mən yaşda qadına ağbirçək deyirlər, amma özümə ağbirçək deyə bilmərəm. Mənim qabağımda hələ anam var. Ağbirçəyimiz odur. Allah onun ömrünü uzun etsin”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Əliqızı deyib.

 

“Yaşımdan heç utanmıram, çəkinmirəm. Yaş artdıqca insan daha da ahıllaşır, müdrikləşir. İnsan gərək yaşa dolduqca müdrikləşsin. İnsan var ki, yaşlaşdıqca ağlı başından gedir. Nə danışığını, nə oturuşunu-duruşunu bilir. Nə kiməsə məsləhət verə, nə də böyüklük edə bilir. Mən özümü müdrik insan kimi hiss edirəm. Allah mənim ağlımı başımdan almasın”, -deyə müğənni bildirib.

 

Sevda Əliqızı toyların azaldığını bildirib.

 

 

“Allahıma min şükürlər olsun ki, hər gün toydayam. Mənim sırf çalışdığım restoranlar var. Hər gün orada çıxış edirəm. Ruzi-bərəkətim də var. Mənə tələbat da var. Heç kəs ömrünün sonuna qədər nə toya gedir, nə də ki, səhnədə qalır. 3 ilə, 5 ilə hiss edəndə ki, toy oxuya bilmirəm, öz istəyimlə səhnədən gedəcəm. İmkan vermərəm ki, kimsə mənə desin ki, get. Gedib oturacam evdə, pensiyamı alıb dolanacam. Allah bütün balaları saxlasın. Oğlum indi də mənə deyir ki, otur evdə, hər bir şeyi özüm edəcəm. Amma mən o ruhda deyiləm ki, indidən gəlib evdə oturum. Ruhum gəncdir, davam edirəm, gündəlik də toydayam. Əvvəlki kimi güclü toylar yoxdur. Bu tək mənə aid deyil. Elə müğənnilər var ki, ayda bir dəfə güc-bəla ilə toya gedirlər. Pandemiyadan sonra hər şey dəyişdi, toylar azaldı. İnsanlar toy etmək istəmirlər. Allah rəhmət etsin Səmədə. Elə Səmədin öz vaxtında da onun son bir ildə toyları azalmışdı. O da mən getdiyim restoranlara gəlib oxuyurdu, ruzisini qazanırdı. Bütün müğənnilər həmin o obyektlərə gəlir. Artıq əvvəlki, şəxsi toylar yoxdur. Ayda 1-2 dəfə ola bilər. Allaha çox şükür ki, gündəlik toylarım var”, – deyə sənətkar deyib

 

“Qadın kimi xoşbəxtsiniz yoxsa ana, nənə kimi” sualına isə müğənni belə cavab verib.

 

“Ana, nənə və qaynana kimi çox xoşbəxtəm. Qadın xoşbəxtliyini Allaha mənə yazmayıb. Şükür Allahın məsləhətinə”, – deyə Sevda Əliqızı bildirib.

Mənbə

Share: