Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik qadınlara təsir etməyəcək.
Modern.az xəbər verir ki, Şoyqu jurnalistlərin suallarını cavablandırarkən belə deyib:
“Xeyr. Bu, planda yoxdur. Biz qadınlara müraciət etmək fikrində deyilik”.
Nazirin sözlərinə görə, qismən səfərbərliyə dövlət akkreditasiyası olan özəl universitetlərin tələbələri də cəlb olunmayacaq.
“Prezidentin tapşırığı ilə biz bu gün fərmana əlavələrin hazırlanmasını başa çatdırırıq və onu təqdim edəcəyik”, – deyə Şoyqu əlavə edib.
O, həmçinin qeyd edib ki, hərbi komissarların iş yükü çox olduğundan payız çağırışının başlanması oktyabrın 1-dən noyabrın 1-nə keçirilib, lakin ehtiyatda olan çağırışçıların tərxis olunması plana uyğun həyata keçiriləcək.
“Çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən onalr evə qayıtmağa başlayacaqlar”, – Şoyqu bildirib.
Sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik keçirilir. Şoyqunun izah etdiyi kimi, “min kilometr uzunluğunda olan təmas xəttinə və Ukraynanın işğal edilmiş ərazilərinə nəzarət etmək lazımdır”. 300 minədək ehtiyatda olanların – ilk növbədə orduda xidmət etmiş, təcrübəsi və hərbi ixtisası olanların çağırılması planlaşdırılır.
Səfərbərlik üzrə hərbi xidmətə 35 yaşınadək sıravi və çavuşlar, 50 yaşınadək kiçik zabitlər və 55 yaşınadək baş zabitlər çağırılır.