
Fevral ayının 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərin favorit lideri kimi İlham Əliyev görünür. İndiyə kimi bir sıra ictimai xadimlər, sənət adamları, ictimaiyyətin müxtəlif spektrlərinin nümayəndələri İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
2020-ci ildə torpaqların azad olunması uğurunda vuruşmuş və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən hərbçilərimizin də seçkilərdə kimi dəstəkləyəcəyi maraqlıdır.
Modern.az Vətən Müharibəsi Qaziləri arasında bu istiqamətdə sorğu keçirib.
Azərbaycan İlham Əliyevin sayəsində həm masada, həm də döyüş meydanında qətiyyətlə hərəkət edib…
Saytımıza açqılamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev özünün və ailəsinin İlham Əliyevə səs verəcəyini söyləyib:
“Mən və ailəm təbii ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəyik. Xalqın lideri olaraq qarşıya qoyulmuş məqsədə çatmağa məhz İlham Əliyev nail oldu. 30 ildən sonra Azərbaycanın müstəqilliyini və suverenliyini təmin etdi. Mən həm döyüşçü, həm də Vətən Müharibəsi Qəhrəmanı olaraq Ali Baş Komandan İlham Əliyevin tabeliyində döyüşlərə qatılmışam. Onun yürütdüyü siyasətin nəticəsində biz həm masada, həm də döyüş meydanında qətiyyətlə hərəkət etmişik. Bu səbəbdən də mən və ailəm təbii ki, İllham Əliyevə səs verəcəyik”.
Vətən Müharibəsi Qəhrəmanı qazilərə göstərilən diqqət və qayğıdan da bəhs edib:
“Cənab Prezidentin və hörmətli birinci Vitse prezidentimiz Mehriban xanım Əliyevanın əsas diqqət mərkəzi müharibədən sonra şəhid ailələri və qazilər olub. Qazilərin məsələləri dövlətin proritet qayğılarından biri olub. Bu gün hər bir şəhid ailəsi və qazilər dövlət qayğısı ilə əhatələnib. Müharibə zamanı əzalarını itirənləri, travma alanları dövlət çalışır ki, hərtərəfli təmin etsin. Həm müharibə iştirakçısı, həm qazi, həm də bir Azərbaycan gənci olaraq bu qayğıları hiss edirəm. Bunu tək öz üzərimdə deyil, ətrafımda da görürəm. Ətrafımdakı döyüş yoldaşlarıma olan diqqəti görürəm və bu, məni çox sevindirir”.
Qalib əsgər kimi müzəffər Ali Baş Komanda İlham Əliyevə səs verəcəm…
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev də İlham Əliyevə səs verəcəyini bildirib:
“Cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə səs verəcəm. Qalib ölkənin qalib əsgəri olaraq müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəm. Nəinki mən, bütün ailə üzvlərim də Ali Baş Komandana səs verəcək”.
A.Abdullayev prezidentin həmişə qazilərin problemləri ilə maraqlandığını deyib:
“Cənab prezidentimiz şəhid ailələri və qazilərə çox diqqət və qayğı göstərir. Şəxsən mən öz adımdan və bütün qazilərimizin adından bunu deyə bilərəm. 4 dəfə cənab prezidentlə görüşdə olmuşam. Çox səmimi görüşümüz olub. Bütün görüşlərdə cənab İlham Əliyev vəziyyətimizi, səhhətimizi, çətinliklərimizin olub-olmadığını soruşub. Cənab prezident hər zaman da çox sağ olsun, bizə dəstək olub”.
Qazanılan zəfəri nəzərə alaraq İlham Əliyevə səs verəcəm…
Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov da İlham Əliyevə səs verəcəyini vurğulayıb:
“Bu günə kimi yürütdüyü yüksək siyasət nəticəsində qazanılan zəfəri, eləcə də digər mövqelərdə nail olunan uğurları nəzərə alaraq cənab İlham Əliyevə səs verəcəm. Mən fəxr edirəm ki, gənc yaşımda cənab Ali Baş Komandan tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşəm. Ümumiyyətlə, diqqət tək mənim üzərimdə yox, bütün döyüşçü heyətin üzərindədir”.