Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev vəfat edib.
“Millətinsəsi.az” xəbər verir ki, Zöhrab Alıyev ötən gün Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
53 yaşlı Z. Alıyev bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, Alıyev Zöhrab İbrahim oğlu 1967-ci il mayın 22-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1973-1982-ci illərdə Mişni kənd orta məktəbində, sonra isə Bakı şəhərində yerləşən Texniki Peşə məktəbində qaynaqçı-quraşdırmaçı ixtisası üzrə təhsil alıb.
1983-1985-ci illərdə müxtəlif rayonlarda həmin ixtisas üzrə iş fəaliyyətini davam etdirib. 1985-1987-ci illərdə Qazaxıstan SSR-də hərbi xidmətdə olub.
1988-1989-cu illərdə Rusiya Federasiyasına gedərək fərdi əməklə məşğul olub. 1989-cu ildə Laçın rayonuna qayıdaraq Keşlə Maşınqayırma zavodunun Laçın rayon filialında öz ixtisası üzrə fəaliyyətə başlayıb və 1992-ci il aprel ayına qədər həmin filialda çalışıb.
1992-ci il 10 iyunda könüllü olaraq Azərbaycan Milli Ordusunun 713 nömrəli hərbi hissəsinin şəxxsi heyətinin tərkibinə daxil olur. Laçın rayonunun işğaldan azad edilməsi istiqamətində aparılan döyüşlərdə iştirak edib. 19 oktyabr 1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşlərdə yaralanıb, 12 dekabra qədər hərbi hospitalda müalicə olunub. 15 dekabr 1992-ci ildən Laçın rayon Polis batalyonunda hərbi xidmətini davam etdirib. 1993-cü ildə Laçın RPŞ-nin şəxsi heyəti döyüş fəaliyyətini Füzuli ərazisində davam etdirib. Z. Alıyev döyüşlərdə xüsusi igidlik göstərib. 1993-cü ildə Prezident Heydər Əliyevin sərəncamı ilə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.
Z. Alıyev 1994-1999-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Laçın Rayon Polis Şöbəsinin əməkdaşı idi.
Ailəlidir, iki qızı, bir oğlu var.
AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin keçmiş döyüşçüləri səngər yoldaşları Zöhrab Alıyevin vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!