Ötən gün UEFA Çempionlar liqasının ll təsnifat mərhələsində ilk oyununa çıxan “Qarabağ” klubu azerkeşlərini məyus edib. Qurban Qurbanovun komandası səfərdə Polşa klubu “Rakuv”a 3:2 hesabı ilə məğlub olub. “Miejski” stadionunda keçirilən oyunda “Qarabağ” əzmkarlıq nümayiş etdirsə də, qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvləri məğlubiyyəti qaçılmaz edib.
Şahruddinin buraxdığı səhvlər azarkeşlərin etirazına səbəb olub. Polşadakı görüşdən narazı qalan “Qarabağ” azarkeşləri sosial şəbəkələr vasitəsilə Şahruddinin əsas heyətdən uzaqlaşdırılmasını tələb ediblər. Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov isə oyundan razı qaldığını deyib.
“Həmişə Şahruddin və ya başqa futbolçular barədə sual verməyə tələsirsiz. Bu, futboldur. Futbolda elə hallar olur ki, qaçılmazdır. Kənardan bəlkə bir az fərqli görünür. Amma epizoda yaxın olsanız, tam fərqli fikirdə olarsınız. Çünki, top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Bacardığımız qədər yerli-yerində transferlər etməyə çalışırıq. Bu gün futbolçuların hər birindən razıyam. Bura çəkinmədən, müdafiədə oturmadan oyun göstərməyə gəldik. Futbolçularım bunu bacardılar. Transferlər istənilən an ola bilər. Hansı mövqeyə olacağını əvvəlcədən deyə bilmərəm”, – deyib.
Maraqlıdır, Qurban Qurbanov Şahruddini komandada saxlamaqla nəyə nail olmaq istəyir?
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Modern.az-a açıqlamasında dünənki oyunu dəyərləndirib, Ağdam komandasının növbəti mərhələyə yüksəlməsi üçün şansının olduğunu deyib:
““Qarabağ” güclü oyun keçirmədi. “Rakuv” da sıradan rəqib deyil. Çempionlar Liqasına yaraşan oyun idi. Hər iki komandanın zəif cəhətləri var. Oyun yaxşı, keyfiyyətli alındı. Həm “Qarabağ”ın, həm də “Rakuv”un şansları qalır. Hər ikisi qələbəyə layiqdir. “Qarabağ” sadəcə individual səhvlərə yol verdi. Komanda yox, individual səhvlər hesabına asan toplar buraxdı. Belə olan hallarda asan toplar buraxmaq komandanın ziyanına işləyir. Yaxşı ki, tez bir zamanda toparlana bildi, qolların əvəzini çıxmağı bacardı. Sadəcə sonuncu topu tutmaq qeyri-mümkün idi”.
Şahruddinin getməsinə gəlincə, Şahin Diniyev hazırda belə bir addımın doğru olmadığını düşünür:
“Bir futbolçunun komandadan gedib-getməməsinə baş məşqçi cavabdehdir. Şahruddinin yaxşı oyunlarını niyə yada salmırıq? Komandanı vəziyyətdən çıxardığı məqamlar da olub. Düzdür, ağırdr. Azarkeşlər, “Qarabağ” sevərlər əsəbdən ağlayır. Həssas şəkildə hər şey deyə bilərlər. Mənə elə gəlir ki, Şahruddin “Qarabağ”a lazımlı futbolçudur”.
Futbol mütəxəssisi Şahruddinin oyununu təhlil edərək, onun səhvləri ilə yanaşı uğurlarının da olduğunu söyləyib:
“Belə hallarda səhv etmək olmaz. Amma o da insandır. Dinamikada, hərəkətdə olan hər kəs səhv etməyə məhkumdur. Sadəcə ağır olan odur ki, belə səhvlər neçənci dəfədir. Əsas həlledici oyunlarda, Çempionlar Liqasına düşmək uğrunda mübarizədə səhvlər edir. Yaxşı qapıçıdır, inanıram ki, dünənki oyundan nəticə çıxarar və səhvlər minimuma enər. Səhv o demək deyil ki, onun fərdi bacarığı, ustalığı azdır. Sadəcə dünən onun günü deyildi. Ümid edirəm ki, Bakıdakı oyunda qalib gələrək, o səhvləri unutduracaqlar”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Jalə Rövşən