Qarabağda 20 min “azərbaycanlı” GİROV SAXLANILIR

Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının Laçın yolunun Şuşa-Xankəndi hissəsində 3 həftədən çoxdur davam etdirdiyi aksiya Qarabağdakı quldur rejimin ifşasında əhəmiyyətli silaha çevrilir. Etirazların ilk günündən Azərbaycanı humanitar böhran yaratmaqda ittiham edən Vardanyan-Arutyunyan cütlüyünün başçılıq etdiyi dəstə Xankəndidə saxta böhran görüntüsü yaratmağa çalışır. 

Əhalinin Xankəndi Şuşa-yolundan istifadəsinin qarşısını alan qondarma rejim bu yolla saylarının 20 mindən çox olduğu deyilən Qarabağ ermənilərini girov saxlamağa davam edir. Terrorçular Xankəndi, Xocalı, Ağdərə sakinlərini təqiblərə məruz qoyaraq onların sosial şəbəkə hesablarını təftiş etməkdən belə çəkinmir. Hətta yayılan məlumatlar arasında o da var ki, Qarabağın erməni əsilli Azərbaycan vətəndaşlarından bəziləri ağır təzyiqlərə və işgəncələrə məruz qalır.

Separatçıların bu addımları beynəlxalq ictimaiyyətin diqqətini sülhməramlıların müvəqqəti nəzarətindəki Azərbaycana məxsus “Dəmirli” və “Qızılbulaq” yataqlarının, eləcə də digər qızıl və filiz yataqlarının istismarından və ekoloji terrordan yayındırmağa hesablandığı da istisna edilmir.

Azərbaycanın oradakı etnik ermənilərə qarşı guya soyqrım planı olduğu təəssüratını yaratmağa çalışan qondarma rejim qalıqlarının planları isə getdikcə iflasa uğramaqdadır. Separatçılarla paralel olaraq Ermənistan hərbi-siyasi rəhbərliyi də bölgədə yeni eskalasiya yaratmaq niyyətini gizlətmir.

Baxmayaraq ki, onları Azərbaycanla sülh danışıqlarından qaçmağa sövq edən Fransa İrəvana açıq şəkildə bəyan etdi ki, “biz sənin regiondakı təhlükəsizlik məsələndə məsuliyyəti üzərimizə götürə bilmərik”.

Belə ki, Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürdüyü sənədi geri çəkməyə məcbur olması azmış kimi düşmən KİV-lərinin yaydığı məlumata görə Paris Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməyəcəyini açıq şəkildə rəsmi İrəvana bəyan edib. Daha konkretləşdirsək, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmamağı tövsiyə edərkən deyib.

Hələ Soçi görüşü zamanı Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin müddətinin uzadılmasını təklif edən Nikol Paşinyan indi də sülhməramlı kontingentin bölgədən çıxarılmasını tələb edir. İrəvan bununla kifayətlənməyərək, bir neçə ay öncə Azərbaycanla şərti sərhədlərini yerləşdirdiyi beynəlxalq təşkilatlardan ibarət missiyanın Qarabağa da yerləşdirilməsi arzusunu açıq bəyan etməyə başlayıb. Bu isə digər dövlətləri prosesə cəlb etmək istəyən Ermənistanın yeni məkrli planlarından xəbər verir.

Göründüyü kimi, Ermənistan “Qarabağda “humanitar fəlakət” iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktiki nəticə əldə edə bilmədi. Amma İrəvanın cəhdlərinin bunla yekunlaşacağı inandırıcı deyil. Nəzərə alsaq ki, Qarabağda mümkün müharibənin başlanması Ermənistana imkan verəcək ki, BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın, o zaman rəsmi İrəvanın 2023-cü ilin üzü yazına doğru növbəti eskalasiya planına hazırlıq gördüyü ehtimalları hər ötən gün daha da artır.

Məhz bu səbəbdən ermənilər gələcək prosesləri bilərəkdən gərginləşdirmək və nəticə etibarı ilə Rusiyanı regiondan çıxartmaq üçün beynəlxalq missiyanın (Fransanın) başçılığı altında güya ki, beynəlxalq “sülhməramlı missiyanın” bölgəyə gətirilməsini istəyirlər. Amma rəsmi Paris və İrəvan anlamalıdır ki, Qərbi Zəngəzurda baş verənlər əgər Ermənistanın daxili işi hesab edilirsə, Şərqi Zəngəzur və Qarabağın dağlıq hissəsində, Laçında baş verəcək hadisələr Azərbaycanın işidir. Çünki həmin yerlər Azərbaycanın legitim əraziləridir. Bu səbəbdən də Azərbaycan özü qərar verə bilər onun ərazisində hansı sülh yaratma missiyası olsun və yaxud olmasın.

Açıq görünür ki, son zamanlar xüsusilə çarəsiz vəziyyətdə qalan və öhdəlikləri hər dəfə ona xatırladıldıqda sərsəm təkliflərlə çıxış edən Paşinyan komandasının narahatlığı son həddə çatıb. Belə görünür ki, uzun illər gah böyük bacısının”, gah “adaxlılarının” havadar dəstəyi ilə işğalçılıq siyasəti iflasa uğradıqdan sonra Ermənistan hərbi-siyasi rəhbərliyinin yeni havadar axtarışı da uğursuzluqla nəticələnəcək.

Azərbaycana qarşı destruktiv mövqeyindən əl çəkməməsi azmış kimi, sərhədlərini müdafiə etmək üçün Azərbaycana qarşı istənilən dövlətə əl açıb, imdat diləməyi dövlət siyasətinı çevirən İrəvanın bu təşəbbüsü nə rehional, nə də qlobal miqyasda əhəmiyyət daşıyır. Qarabağda yerləşdirilmiş sülhməramlıların aqibəti, bölgəyə kimin gəlib-gedəcəyi isə Bakının qərarından asılıdır. Bunu necə ki, günlər öncə Rusiya prezidentinin sözçüsü də açıq şəkildə rəsmi irəvana xatırlatdı: “Qarabağdakı Rusiya sülhməramlılarına BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün Bakının razılığı lazımdır”. /Milli.az/

 

Share: