
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
***
Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində də mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib.
Məlumata görə, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub.