Ermənistana aid silahların hələ də rusların nəzarətində olan ərazilərdə qalmasına dair Azərbaycan tərəfinin səsləndirdiyi iddialar dünən növbəti dəfə təsdiq olundu. Erməni Teleqram kanallarında 16 dekabr 2022-ci ildə Rusiya kontingentinin yerləşdiyi ərazlərdə “Kruq” və “Kub” zenit raket komplekslərinin (ZRK) hərəkətini əks etdirən görüntülər yayıldı.
Bu komplekslərin Azərbaycan ərazilərinə 2014-cü ilin sentyabr ayında yerləşdirilib. Vətən Müharibəsindən əvvəl bu komplekslər əsasən Qarabağ ərazisindən kənarda, o zaman işğal altında olan ətraf rayonların ərazisində idi.
Ermənistanın Vətən Müharibəsində məhv edilən HHM vasitələri
Vətən Müharibəsi zamanı qəhrəman Silahlı Qüvvələrimiz düşmənin 7 ədəd S-300 zenit-raket kompleksninin atıcı qurğusunu, 1 ədəd S-300 radiolokatorunu, 2 ədəd S-300 aşkaretmə stansiyasını, 1 ədəd “Oborona” radiolokasiya stansiyasını, 5 ədəd TOR zenit-raket kompleksini, 40 ədəd “Osa” zenit-raket kompleksini, 4 ədəd “Kub” zenit-raket kompleksini, 1 ədəd “Kruq” zenit-raket kompleksini, 14 ədəd “Zastava” kompleksini, 2 ədəd S-125 zenit-raket kompleksini məhv etdikdən sonra Ermənistan ordusunun HHM potensialı demək olar ki, iflic vəziyyətə düşdü. Yayımlanan görünütülər isə bu dəfə oxuculara “Kub” kompleksləri barədə məlumatların təqdim edilməsi zərurətini yaratdı.
“Kub” ZRK-nın təyinatı
“Kub” özüyeriyən Zenit-Raket Kompleksi (2K12) Quru Qoşunlarını, əsasən tank bölmələrini orta və aşağı yüksəklikdə uçan hava hücum vasitələrindən qorumaq üçün hazırlanıb. “Kub” kompleksi, 20 km-ə qədər məsafədə 20-600 m/s sürətlə uçan hava hədəflərini, 100-200 m-dən 5-7 km-ə qədər yüksəklikdə bir raketlə 0.7 ehtimalla məhv etmək üçün nəzərdə tutulur.
Hazırlanması
Bu komplekslər SSRİ MN-in sifarişi ilə MMZ (Moskva Maşınqayırma Zavodu) mütəxəssisləri tərəfindən ZSU-23-4 özüyeriyən zenit qurğusunun bazasında və iki modifikasiyadakı şassi bazasında hazırlanıb. Aşkarlama stansiyasının şassisinin kütləsi 15 tondur, daşıma gücü isə 5 tona qədərdir. Təxminən maksimum sürət 50 km/saatdır. Üçraketli özüyeriyən atıcı qurğunun baza versiyasının döyüş kütləsi 20 tondur. Atıcı qurğuda 40 at gücündə, aşkarlama stansiyasında isə 80 at gücündə qaz turbinli enerji bloklarının quraşdırılması planlaşdırılırdı. Əsas şassi mühərrikdən alınan elektrik enerjisi ilə bərabər alternativ enerji təchizatı təmin edilir.
İlk çatışmazlıqlar
1959-cu ilin sonunda kompleksin ilk sınaqları bir sıra çatışmazlıqları da üzə çıxardı. Onlar aşağıdakılardan ibarət idi:
– özütuşlanan başlıqların qeyri-adekvat reaksiyası və onun axımlı örtüyünün keyfiyyətsiz hazırlanması;
– hava girişlərinin zəif dizaynı;
– yanma qurğusunun titan gövdəsinin daxili səthinin keyfiyyətsiz istilik qoruyucu örtüyü (nəticədə titan yerinə poladdan istifadə edildi).
Çatışmazlıqlar layihə rəhbərlərinin tez-tez dəyişməsi ilə nəticələnirdi, lakin bu da işin sürətlənməsinə səbəb olmadı.
Sınaqları
1963-cü ilin əvvəlinə qədər atılan 83 raketdən yalnız 11-i özütuşlanan başlıqla təchiz olundu. Cəmi 3 sınaq qismən uğurla tamamlandı. 1964-cü ildə raket atışları az və ya çox standart dizaynda həyata keçirildi, lakin yerüstü hava hücumundan müdafiə sistemləri hələ də qarşılıqlı start mövqeləri birləşdirən rabitə avadanlığı ilə təchiz olunmurdu. 1964-cü il aprelin ortalarında döyüş başlığı ilə təchiz olunan bir raketin ilk uğurlu atışı həyata keçirildi. Orta hündürlükdə uçan İL-28 hədəf təyyarəsi məhv edildi.
1965-ci ilin yanvarından 1966-cı ilin iyun ayınadək Donquz poliqonunda kompleksin birgə sınaqları keçirildi. Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 23 yanvar 1967-ci il tarixli fərmanı ilə kompleks Quru Qoşunlarının Hava Hücumundan Müdafiə hissə və birlikləri tərəfindən silahlanmaya qəbul edildi.
Kompleksin tərkibi
“Kub” hava hücumundan müdafiə sistemi aşağıdakı silah və avadanlıqları özündə birləşdirir:
– 3M9 idarəolunan zenit raketi;
– 1S91 özüyeriyən kəşfiyyat və tuşlama stansiyası;
– 2P25 özüyeriyən atıcı qurğusu.
Videodan göründüyü kimi, Xocalı yaxınlığında görünütülənən özüyeriyən vasitə “Kub” zenit raket kompleksinin əsas elementlərindən biri 2P25 atıcı qurğusudur. Bu şassinin aşağı daşıma qabiliyyəti sayəsində atıcı qurğunun bütün komponentləri minimum ölçü və kütlə ilə hazırlanıb. Atıcı qurğunun bazası fırlanan qüllə üzərində yerləşir, yellənən hərəkətli hissə isə tarazlıq mexanizmi ilə birgə hazırlanıb. Uyğun dizayn tapılmadığından fırlanan qüllə sonralar yenidən hazırlanıb. Tarazlıq mexanizmi torsion tipli plitələrdən hazırlanıb. Hissələrin istehsalında qismən yüngül ərintilərdən istifadə edilib.
2P25 özüyeriyən atıcı qurğusunda aşağıdakılar yerləşdirilib:
– üç ədəd istiqamət qoluna malik lafet;
– avtonom qaz turbin qurğusu;
– güc ötürücüləri;
– zenit raketlərinə startdan əvvəl nəzarət mexanizmi;
– naviqasiya və topoqrafik istinad avadanlığı;
– hesablama cihazı;
– telekod rabitə avadanlığı.
Qurğunun istiqamət qollarında raket hərəkət etməyə başladığı zaman birləşdiriciləri kəsən xüsusi ştanqlar mövcuddur. Lafetin ötürücüləri raketlərin start öncəsi ilkin yönəldilməsini təmin edir. Hədəfə tuşlanma 1S91 özüyeriyən kəşfiyyat və tuşlama stansiyasından radio rabitə kanalı vasitəsi ilə alınan məlumatlara əsasən həyata keçirilir.
2P25 özüyeriyən atıcı qurğusunda aşağıdakılar yerləşdirilib:
– üç ədəd istiqamət qoluna malik lafet;
– avtonom qaz turbin qurğusu;
– güc ötürücüləri;
– zenit raketlərinə startdan əvvəl nəzarət mexanizmi;
– naviqasiya və topoqrafik istinad avadanlığı;
– hesablama cihazı;
– telekod rabitə avadanlığı.
Qurğunun istiqamət qollarında raket hərəkət etməyə başladığı zaman birləşdiriciləri kəsən xüsusi ştanqlar mövcuddur. Lafetin ötürücüləri raketlərin start öncəsi ilkin yönəldilməsini təmin edir. Hədəfə tuşlanma 1S91 özüyeriyən kəşfiyyat və tuşlama stansiyasından radio rabitə kanalı vasitəsi ilə alınan məlumatlara əsasən həyata keçirilir.
Şassi
“Kub” kompleksinin özüyeriyən atıcı qurğusunda şassi olaraq QBTU təsnifatına uyğun olaraq “Objekt 578” təyinatına malik olan və MMZ tərəfindən istehsal olunan bazadan istifadə edilir.
Atıcı qurğunun modifikasiyaları
2P25 – 2K12 “Kub” ZRK üçün atıcı qurğunun əsas versiyasıdır;
2P25M – 2K12M “Kub-M” ZRK üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır;
2P25M1 – 2K12M1 “Kub-M1” ZRK üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır;
2P25M2 – 2K12M2 “Kub-M2” ZRK üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır;
2P25M3 – 2K12M3 “Kub-M3” və 2K12M4 “Kub-M4” ZRK-lar üçün atıcı qurğunun modernləşdirilən versiyasıdır.
2P25 atıcı qurğusunun Taktiki-Texniki Xüsusiyyətləri
Kütləsi: 20 t (raketsiz 18 t);
Heyəti: 3 nəfər;
İstehsalçısı: Sovet Sosialist Respublikalar İttifaqı;
İstehsal illəri: 1961-1982;
Silahlanmaya qəbulu: 1967-ci ildən;
İstehsal sayı: 3700-dən çox;
Əsas istifadəçiləri: SSRİ/Rusiya və Hindistan;
Uzunluğu: 6965 mm (raketsiz 6810 mm);
Eni: 3112 mm;
Hündürlüyü: 3183 mm;
Klirens: 400 mm;
Zirehlənməsi: 15 mm güllə keçirməyən;
Atəş məsafəsi: 4..24 km (modifikasiyaya görə dəyişir);
Silahları: 3 ədəd 3M9 raketi;
Mühərrik: B-6 və ya В-6Р;
Mühərrikin gücü: 280 at gücü;
Magistral yolda sürəti: 44 km/s ;
Magistral yolda ehtiyat məsafəsi: 300 km;
Xüsusi gücü: hət ton kütləyə 17.14 a.g;
Torpağa xüsusi təzyiqi: 0.48 kq/sm²;
Aşılan yüksəklik: 30 dərəcə;
Aşılan divar: 0.7 m;
Aşılan xəndək: 2 m;
Aşılan su maneəsi: 1m.
Nəticə
Qarabağdakı “Kub” havadan müdafiə sistemlərinin hazırda istismar vəziyyətində olub-olmadığı dəqiq məlum deyil. Müharibədən əvvəlki peyk çəklişindən Xankəndinin cənub-qərb və şərq istiqamətində S-125M1, “Kruq-M1” və “Kub” zenit raket komplekslərinin mövqelərini müşahidə etmək olurdu. Ermənistan HHMQ-nın silahlanmasında bir “Kub” batareyası mövcud olub. 2013-cü ilin avqust ayında Azərbaycan hərbi aviasiyası işğal altındakı ərazilər ətrafında uçuşlar həyata keçirəndən sonra erməni tərəfi bir neçə “Kub” ZRK-ni Ermənistandan Qarabağ ərazisinə göndədi.
Xankəndində 2018-ci ildə keçirilən sonuncu “hərbi parad” zamanı zirehli texnikalar və artilleriya sistemləri ilə yanaşı, “Osa-AKM” zenit raket kompleksi, “Kruq” özüyeriyən atıcı qurğusu və S-125M hava hücumundan müdafiə sistemlərimləri üçün raketlər daşıyan ZiL-131 bazasında bir neçə nəqliyyat və yükləmə vasitəsi nümayiş etdirilsə də, “Kub” ZRK-ları gözə dəyməmişdi. Mümkündür ki, onlar həmin dövrdə döyüş növbətçiliyində olub, yaxud da paradda göstəriləcək xarici görünüşə malik olmayıb. Videomaterialdan da komplekslərin qeyri-kafi vəziyətdə olduğu aşkar görünür.
Döyüş əməliyyatlarına qədər peyk çəklişində Xankəndinin cənub-qərb və şərq istiqamətində müşahidə edilən 2 ədəd “Kub” zenit raket komplekslərinin həm mövqeləri, həm də bəzi atıcı qurğuları və aşkalama vasitələri Silahlı Qüvvələrimiz tərəfindən Vətən Müharibəsinin müxtəlif günlərində sıradan çıxarılıb. Lakin hələ də Qarabağda Ermənistan ordusuna aid komplekslərin qalması faktdır. Bu Azərbaycan üçün qəbuledilməzdir. Qarabağda isə məhdud sayda Ermənistana məxsus HHM sistemlərini Rusiya kontingenti hələ də görmək istəmir. Dünən Xocalı ərazisindən yayılan görüntülər də bir daha rus kontingentin və Ermənistanın birgə Bəyanat üzrə öhdəliklərini yerinə yetirmədiyini təsdiqləyir. Bu isə Azərbaycan Ordusu üçün Qarabağda qalmaqda davam edən istənilən Ermənistan ordusunun və seperatçı quruma aid silah sistemlərini legitim hədəfə çevirir.
Ədalət Verdiyev, hərbi ekspert