“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqust ayının 12-də İsmayıllı rayonuna səfər ediblər. Ölkə Başçısı burada Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir çox mühüm məqamlara diqqət çəkmişdir. Bu səfər onu deməyə əsas verir ki, son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bölgələrdə aparılan işlərə cənab Prezident İlham Əliyev bilavasitə özü nəzarət edir”.
Bu fikirləri Moderator.az açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova bildirib.
Deputat açıqlamasında qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş bərpa və quruculuq işləri ilə yanaşı Azərbaycanın bütün rayonlarında geniş infrastruktur layihələri icra olunur.İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.
Ölkə başçısı müsahibəsində əhalinin məşğulluğunun təmin olubması ilə bağlı mühüm məqamlara toxunub:”Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir”. Şübhəsiz ki, bütün bunlar əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan mühüm addımlardır. Onu da qeyd etməliyik ki, azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun təmin olunması üçün həm kənd təsərrüfatı, həm maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir.
Fikirlərinin davamı olaraq, millət vəkili Tamam Cəfərova bildirib ki, dövlət işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası üçün addımlar atır. Beləki, artıq ikinci ildir ki, Kəlbəcər, Laçın, Zəngilan rayonlarına çobanlar ilə qoyun sürüləri göndərilib. Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq, Azərbaycan bal ixracatçısına çevrilib. Şübhəsiz ki, bütün bunlar ölkə Başçısının rəhbərliyi ilə aparılan ardıcıl, məqsədyönlü siyasətin nəticəsidir.
Millət vəkili qeyd edib ki, bütün bunlarla yanaşı ölkə başçısı müsahibəsində “Qisas” əməliyyatından danışarkən olduqca mühüm məqamlara toxunub. Beləki, cənab Prezident bildirib ki, “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi”. Şübhəsiz ki, cənab Prezidentin bu sözləri həm Ermənistan üçün, həm də vasitəçilər üçün mühüm mesajdır. Əgər tərəflər Cənubi Qafqazda sülh, əmin- amanlıq və qarşılıqlı əməkdaşlıq görmək istəyirlərsə tezliklə üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsini təmin etməlidirlər.
Deputat xüsusilə vurğulayıb ki, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və bundan sonra daha da çox artacaq. Tarixi və beynəlxalq hüquq nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Millət vəkili Tamam Cəfərova belə deyib.