
“Gec-tez oradakı bütün ermənilər, nə yolla olursa-olsun, Qarabağdan qaçıb köçməyə yol axtarıb tapacaqlar…”
“Əslinə qalsa, Qarabağdakı ermənilər qlobal güclərin, dövlətlərin, o cümlədən Rusiyanın geo-siyasi oyunlarının əsl qurbanları və girovlarıdır. Onlar əsl girovdurlar və qaçmağa imkanları da yoxdur. Özlərinin başında duran Xankəndindəki separatçı-rejim və Rusiya hərbçiləri onların evlərini, mülklərini, torpaqlarını satıb buradan köçmələrinə icazə vermirlər. Çünki ermənilər Azərbaycan torpaqlarından getsə, nə həmin separatçı xuntaya ehtiyac olacaq, nə də Kremlin “sülhməramlı”larına… Üstəlik, onların cavanlarını zorla postlarda keşik çəkməyə, Azərbaycan ordusuyla döyüşməyə göndərirlər”.
Bunu Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
“Amma gec-tez oradakı bütün ermənilər, nə yolla olursa-olsun, Qarabağdan qaçıb köçməyə yol axtarıb tapacaqlar. Çünki getdikcə sosial durumları ağırlaşır. 44 günlük müharibədən sonra əkin-biçin yerləri çox az qalıb. Kəndlərin çoxunda dolanmaları mümkün deyil. Nə ilə məşğul olub pul qazanacaqlar? Uzaqbaşı, bərbərlik edib bir-birlərinin başını qırxacaqlar. Bəs neçəsi bərbər işləyəcək? O bərbər, bu bərbər… Ermənistanın özünün də imkanı yoxdur, onlara hər ay yardım etməyə. Qalacaqlar dilənçi kimi rus “sülhməramlı”ların 5-10 qutu ərzaq payının ümidinə… Bir sözlə, Qarabağdakı ermənilər dərk etməlidirlər ki, çıxış yolları yalnız Azərbaycan dövlətinin inteqrasiya təkliflərinə razı olub onun tərkibində sakitcə yaşamalarıdır. Əks halda hərəsi dünyanın bir tərəfinə qaçqın düşəcək”- deyə həmsöhbətimiz bildirib.
Sultan Laçın