Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.
Milletinsesi .az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində “Qarabağın inkişaf strategiyası” mövzusunda iclasda bildirib.
O deyib ki, birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.
Emin Hüseynov Hadrut və Suqovuşan qəsəbələrinin, Talış və Tuğ kəndlərinin vacib turizm məntəqələrinə çevrilməsinin planlaşdırıldığını vurğulayaraq, Qarabağ iqtisadi rayonunda müxtəlif sahələr üzrə yaradılacaq iş yerlərinin statistikasını təqdim edib.