“Rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz separatçılar və ayrı-ayrı qurumlar tərəfindən qeyri-qanuni olaraq istismar olunur. Azərbaycan bununla bağlı dəfələrlə məsələ qaldırıb. Sülhməramlılarla da monitorinq aparılması üçün razılıq əldə olunmuşdu. Razılığa görə, sülhməramlılar Azərbaycanın dövlət qurumları və yerli təşkilatlarına imkan yaradacaqdı ki, onlar gedib həmin mədənlərə baxış keçirsin. Amma sonradan buna imkan verilmədi. Daha doğrusu sülhməramlılar oradakı separatçıların qalıqları ilə bizə qarşı təxribat həyata keçirməyə çalışdılar”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Qarabağın dağlıq hissəsində hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər:
“Artıq Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməyinin vaxtı çatıb. BMT-nin Təhlükəsizlik Şurasının azadolunma ilə bağlı 4 qətnaməsi var idi, amma bu yerinə yetirilmədi. Azərbaycan özü qətnamələri icra etdi və biz Vətən Müharibəsində qələbədən sonra iki il müddətində gözlədik ki, bu istiqamətdə real addımlar atılsın, amma heç bir addım atılmadı. O ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləridir. Azərbaycanın bu ərazilərə tam nəzarət etməyə, ora Azərbaycanın dövlət qurumlarının daxil olmağına tam səlahiyyəti var. O baxımdan hesab edirəm ki, bizim həmin ərazilərə daxil olmağımızın tam vaxtıdır və Azərbaycan bunu ən qısa zamanda edəcək. Ermənilər bilsinlər ki, hansısa təxribatla bunun qarşısını ala bilməzlər”.
Ceyhun Məmmədovun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, Azərbaycanın Qarabağın ermənilər yaşayan ərazilərinə girməyə haqqı var, bu təmin olunmadığı üçün rəsmi Bakı konkret addım atmağa məcbur qalıb:
“Andrey Volkov, separatçı Vitali Balasanyan və Ruben Vardanyan üçlüyünün məkirli niyyəti sayəsində azərbaycanlı mütəxəssislərin yerlərdə mineral yataqlarla bağlı monitorinq aparmasının qarşısı alındı. Hətta onlar Xankəndidə yaşayan erməniləri gətirərək, bu prosesə qarşı bir aksiya da təşkil etdilər. Bu gün Şuşa-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının keçirdiyi aksiyanın da məqsədi odur ki, monitorinqlərə icazə verilsin”.
Ceyhun Məmmədov bildirib ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiyalar sülhməramlıların həmin ərazilərdə monitorinq aparılmasına razılıq verənə qədər davam edəcək:
“Eyni zamanda, QHT-lərin təşkil etdiyi bu aksiya beynəlxalq hüquq və fundamental əsaslara söykənir. Ona görə də, Ermənistan tərəfinin burada kimisə günahlandırmasına heç bir əsas yoxdur”.
Deputatın sözlərinə görə, bundan sonra Azərbaycana məxsus təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istismarına qətiyyən yol verilməyəcək:
“Azərbaycan buna göz yummayacaq. Dövlətimizin qətiyyətli mövqeyi sayəsində bu kimi hallara son qoyulacaq. Azərbaycan dövlətinin əsas hədəfi məhz öz ərazisində olan bütün məsələlərə tam nəzarəti özündə ehtiva edir. Qarşı tərəf bunu birdəfəlik anlamalıdır”.
“Hazırda bu istiqamətdə aksiya davam edir, bu aksiyanı yüksək qiymətləndirirəm. Aksiya azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin dinc tədbiridir. Bunu ermənilər, digərləri başqa yönə istiqamətləndirməyə çalışsalar da, aksiyanın məqsədi bəllidir: Azərbaycanın dövlət qurumlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə öz ərazilərimizdə qeyri-qanuni istismar olunan mədənlərə baxışın keçirilməsinə şərait yaradılsın.
Bu gün bütün Azərbaycanın ürəyi həmin bölgə ilə döyünür, hər kəs istəyir ki, öz vətəndaş borcunu yerinə yetirərək bu aksiyalarda fəal şəkildə iştirak etsin. Bu Azərbaycanın tam haqqıdır. Madam ki, bizə bunun üçün şərait yaradılmır, o zaman bir yolla biz öz məqsədlərimizə və hədəfimizə çatmaq istəyirik. Ən qısa şəkildə bizə şərait yaradılmalıdır ki, həmin ərazilərə baxış keçirək”, – C.Məmmədov əlavə edib.