Qaraciyəri gizli məhzv edən 3 AMİL

Qaraciyər çox güclü və dözümlü orqandır. Lakin bəzi mənfi faktorların müntəzəm təsiri bu orqanın sağlamlığına çox ciddi ziyan vurur. Söhbət yalnız spirtli içkilər və qeyri-sağlam qidalanmadan getmir.

Saglamolun.az bildirir ki, the Health Site portalı qaraciyərə alkoqol və ziyanlı qidalar qədər mənfi təsir edən bəzi amilləri sadalayıb.

İlk belə amil dərmanlardan sui-istifadədir. Əgər insan yerli-yersiz dərmanlar qəbul edirsə, bu qaraciyərə çox mənfi təsir edir. Dərmanlar qaraciyərdə zərərsizləşdirilir və tez-tez qəbul olunduqda bu orqanı zədələyir. İlk növbədə bu ağrıkəsicilərə aiddir. Belə ki, mütəxəssislərin sözlərinə görə parasetamolun bir neçə gün ərzində “aktiv” qəbulu qaraciyərə böyük zərbə vura bilir.

Mütəxəssislər tək dərmanlarla deyil, müxtəlif vitamin və mineral komplekslər, BAD və müalicəvi otlarla da ehtiyatlı olmağı tövsiyə edirlər. Hər belə vasitə yalnız həkimin təyini ilə qəbul olunmalıdır.

Hamı bilir ki, siqaret çəkmək ürək-damar və tənəffüs sisteminə ziyan vurur. Lakin bu pis vərdiş qaraciyəri də dağıdır. Orqanizmə daxil olan toksiki maddələr qaraciyərin hüceyrələrini məhv edən sərbəst radikalların əmələ gəlməsini stimullaşdırır.

Bəli, qaraciyər öz hüceyrələrini barpa etmək xüsusiyyətinə malikdir. Ancaq mənfi təsirlər nəticəsində bu proses ləngiyir və orqan tam şəkildə bərpa oluna bilmir.

Yuxunun az olması da qaraciyəri gizli məhv edən amillərdən biridir. Yuxu zamanı orqanizm və o cümlədən qaraciyər bərpa olunur və təmizlənir. Yuxunun az olması bu prosesləri pozur, qaraciyər özünü bərpa edə bilmir, yüklənir, “yorulur”. Bu da onun funksiyalarını pozur.

Mütəxəssislərin fikrinə görə, qaraciyərin piylənməsinin də ilk səbəblərindən biri məhz yuxunun az olmasıdır. Qaraciyər orqanizmdə piylərin emalında əsas rol oynayır. Bu proses pozulduqda piylər orqanizmdə və o cümlədən qaraciyərdə toplanmağa başlayır. Nəzərə almaq lazımdır ki, qaraciyərin piylənməsi çox təhlükəli pozulmadır, onun fonunda qaraciyər sirrozu və xərçəng inkişaf edə bilər.

Share: