Xalq şairi Sabir Rüstəmxanlının nəvəsi ilə bulvar gəzintisi zamanı başına gələnlər təəccübə səbəb olub.
Milletinsesi.az xəbər verir ki, S.Rüstəmxanlının 4 yaşlı nəvəsi bulvarda topla oynayarkən, top yaxınlıqdakı çinar ağacının budaqlarına ilişib.
S.Rüstəmxanlı bildirib ki, heç bir vəchlə topu aşağı endirə bilməyiblər. 4 yaşlı balaca ağlasa da, heç bir cəhd topu ağacdan endirməyə yaramayıb.
“Əlimizi üzüb uzaqlaşmaq istədik. Uşaq ağlamağa başladı. Bu vaxt doğrudan da möcüzə baş verdi. Gözlənilmədən hardansa bir qarğa uçub gəldi və yarpaqların arasında birbaşa topu dimdikləməyə başladı. Amma görünür, onu budaqların arasından çıxarmağa tək gücü çatmadı. Onun qarıltısına ikinci bir qarğa da uçub gəldi. İkisi birlikdə qarıldaşa-qarıldaşa topu budaqların arasından çıxartdılar. Balaca Sabirin ağlamağı kəsildi. Sevincək topa doğru qaçdı. Qarğalar sanki elə bunu gözləyirmişlər ki, uçub getdilər. İnanılası deyil, çünki gəzdiyimiz bir neçə saat ərzində bulvarda başqa bircə dənə də quş görmədik”.