QHT Agentliyini hədəfə alanların məqsədi nədir…

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair və 2023-cü il kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.

 

Hər bir müsabiqədə olduğu kimi burada da qalib gələnlər və qalib gələ bilməyənlər var. Lakin bu dəfə qalib gələ bilməyənlər ittiham tonunda agentliyi hədəf almağa çalışıb. 

 

QHT Agentliyini hədəf alanların məqsədi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Prioritet Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib ki, Agentlik və agentliyin Müşahidə Şurası qərarların qəbulunda gərgin işləyir.

 

“Qəbul üçün meyarlar, sənədlər hamısı qaydasında olmalıdır. Layihə texniki ekpertizadan keçdikdən sonra,artıq ekspert qiymətləndirməsi olur. Burada hər bir layihə qiymətləndirilir. Zəif və üstün cəhətlər nəzərə alınır. Sonra Müşahidə Şurası həmin ballar əsasında qərar verir. Bu zaman layihənin xüsusiyyətləri, təşkilatın keçmiş təcrübəsi, müraciət etdiyi mövzunun aktuallığı, layihənin müasir kontekstində dövlət prioritetlərinə hansı şəkildə cavab verdiyi, dövlətin indiki məqamda aktual hesab etdiyi məsələlərə toxunduğu məsələr nəzərə alınır. Ekspert qiymətləndirliməsi layihə təklifinin özünü qiymətləndirir. Müşahidə Şurasının qiymətləndirməsində əlavə parametrlər də var. Biz ekspert qiymətləndirməsini əsas götürürük. Hər bir layihə ilə bağlı onun keçmiş layihədə icrası ilə bağlı əlbəttə rəyimiz olur. Bütün bunları cəmləşdirirərək biz qərar qəbul edirik. Həm Agentlik, həm Qeyri-hökumət Müşahidə Şurası gərgin işləyib. Keçən il elə günlər olub ki, qanunvericiliyin müəyyən etdiyi müddətə az qalmışdı. Biz gecə-gündüz işlədik və qrant müsabiqələrini çatdırdıq”. 

 

Zaur İbrahimli vurğulayıb ki, budəfəki müsabiqəyə etiraz edənlər ittiham tonu tutur:

 

“Narazılıq vardı. Bu hər müsabiqədə olur. Ancaq bu cür hallar bu formada təzahür etmirdi. Mənim mövqeyim ondan ibarətdir ki, tənqid olar. Müzakirəyə açıq olmalıyıq. Müzakirələrdən yayınmaq olmaz. Bu, hamımızın ümumi işidir. Hamımız dövlət maraqlarını əsas götürməliyik. Bizim üçün əsas olan dövlət və milli maraqlardır. Tənqid qərəzli olanda, müzakirə qeyri-konstruktiv olanda, əvvəlcədən ittiham tonu götürüləndə müzakirə alınmır. İdeal qiymətləndirmə sistemi yoxdur. Heç kim heç nəyi ideal qiymətləndirə bilməz. Baxış bucağına görə dəyişər. Fərqli fikirlərin olduğu məsələləri ümumi siyasətin təzahürü kimi vermək, əlbəttə qeyri-konstruktiv və qeyri-obyektivdir. Qeyri Hökumət Təşkilatları ictimai marağın müdafiəçiləridir. İctimai marağın müdafiəçiləri özləri də obyektiv olmalıdırlar. Özləri də dürüst olub, qərəzdən qaçmalıdırlar. Bu olduqca vacibdir. Mən demirəm ki, hamı qərəzlidir. Ancaq ittiham tonu hiss olunur. Niyyət müzakirə deyil. İttiham tonu səsləndirənlərin məqsədi işin daha da təkmilləşdirilməsi deyil. Mənim fikrimcə, onların niyyəti işlərin əksinə çətinləşdirilməsinə xidmət edir. Hər birimiz uzun illərdir bu sahədə çalışırıq. Biz kifayət qədər məsuliyyətimizin fərqindəyik. Bu cür ittiham tonu vətəndaş cəmiyyətinin üslubu deyil. Vətəndaş cəmiyyəti bu üslubdan, tondan çəkinməlidir. Konkret irad və tənqidlər müraciətlər şəkildə ünvanlamalıdır. Bizdə bunları müzakirə etməliyik”

Mənbə

Share: