2005-2010-cu illərdə Qırğızıstan Prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib, o, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, – Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətinin nümayəndəsi bildirib.
Məlumata görə, baxılan iş “Kumtor” mədənində korrupsiyaya aiddir. Bundan başqa, daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də təqsirləndirilən şəxslər arasındadır.
Qeyd edək ki, K.Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə buna rədd cavabı verilib.