Həkimlərin əksəriyyəti ən ziyanlı qidaların siyahısına fikirləşmədən qızardılmış kartofu daxil edirlər.
Bunun bir neçə səbəbi var. Əslində kartof faydalı və hətta müalicəvi tərəvəzdir. Lakin qızardılma zamanı onun faydalı xüsusiyyətləri itir, ziyanı isə kosmik sürətlə artır.
– Qızardılmış kartofun qlikemik indeksi çox yüksəkdir. Bu indeks təxminən 95 təşkil edir (100 – ən yüksək indeksdir). Belə qidaların qəbulu qanda şəkərin sürətlə qalxmasına və sürətlə də düşməsinə səbəb olur. Şəkər qanda sürətlə düşəndə insan güclü aclıq hiss edir və onun iştahası artır.
Yüksək qlikemik indeksi olan qidalar piylənməyə səbəb olur.
– Qızardılma zamanı yağdan istifadə olunur. Yağın yanması nəticəsində “polifenol” maddələri ifraz olunur. Bu maddələr istənilən yağın (bitki yağı, kərə yağı, piy) yanması zamanı əmələ gəlir. Polifenol güclü kanserogen (xərçəng əmələ gətirən) təsirə malikdir.
– Digər qızardılmış qidalar kimi, qızardılmış kartof həzm sisteminə çox mənfi təsir edir – həzm prosesləri çətinləşdirir, mədənin selikli qişasını qıcıqlandırır və s. Məhz bu səbəbdən məd-bağırsaq sistemi pozulmaları olan insanlar üçün qızardılmış qidaların qəbulu əks-göstərişdir. Lakin tam sağlam insanlara da belə qidalar yalnız ziyan vura bilər.
– Bütün qızardılmış qidalar susuzluğun artmasına səbəb olur. Belə qidalardan sonra insan çoxlu miqdarda su içir. Bu xüsusilə axşam saatlarında yolverilməzdir ki, bunun nəticəsində insanın böyrəkləri həddən artıq yüklənir. Bu isə öz növbəsində arterial təzyiqin qalxmasına, ödemlərə səbəb ola bilər.
Beləliklə, hamının sevimlisi olan qızardılmış kartof əslində çox ziyanlı qidadır. Nəzərinizə çatdıraq ki, fast-fud kafelərdə və restoranlarda (McDonalds və s.) yediyimiz və ya evdə bişirdiyimiz qızardılmış kartof orqanizm üçün eyni dərəcədə ziyanlıdır.