
Bakıda yay meyvələri bahalaşıb. Gilas, çiyələk, albalı qiymətləri rekord həddə çatıb. Bu yazıda qiymət fərqlərinin səbəbləri barədə danışacağıq…
Yayın gəlişi ilə Bakının bazar və supermarketləri rəngarəng mövsümi meyvələrlə dolub-daşsa da, alıcılar bu bolluqdan lazımı qədər istifadə edə bilmir. Gilas, ərik, albalı kimi süfrələrin klassik ləzzətləri bu il paytaxt sakinləri üçün demək olar ki, “lüks məhsul”a çevrilib.
Eyni meyvə, fərqli qiymət: Bakı ilə bölgələr arasında kəskin fərq
Şimal bölgələrinin bağlarında yetişdirilən və fermerlər tərəfindən 2–3 manata satılan ərik və gilas Bakı bazarlarında 8-12 manat arasında dəyişən qiymətlərlə təklif olunur. Albalının kiloqramı isə bəzi satış məntəqələrində hətta 13 manata qədər yüksəlib. Halbuki bu məhsullar meyvəçiliklə məşhur olan rayonlarda çox münasib qiymətə satılır.
Əslində bu qiymət fərqini nəqliyyat xərcləri ilə izah etmək düzgün deyil. Məsələn, Xaçmazdan Bakıya bir neçə yeşik meyvə gətirmək üçün təxminən 20-25 manat yanacaq xərci tələb olunur. Bu məbləğ kiloqram başına əlavə olunmuş 20-30 qəpik fərq yaratsa da, 7-8 manatlıq qiymət fərqini əsaslandırmağa yetmir.
Xaçmazlı fermer Rafiq Əliyev isə vəziyyətdən narazı olduğunu gizlətmir: “Bağdan topladığım gilası yerli bazarda cəmi 2 manat 50 qəpiyə satıram. Amma həmin məhsul Bakıya çatanda qiyməti 10 manata qədər qalxır. Axı mən bu fərqdən niyə qazanmıram? Ən çox əziyyəti mən çəkirəm, amma qazancı başqaları aparır”, – deyə o gileylənir.
Qiyməti artıran əsas amil – vasitəçilər
Qiymət fərqlərinin əsas səbəbləri daha dərin, daha sistemlidir. İlk növbədə, məhsulun tarladan süfrəyə gələn yolundakı çoxsaylı vasitəçilər qeyd olunmalıdır. Fermer məhsulu birbaşa istehlakçıya deyil, alverçilərə satır. Bu alverçilər isə məhsulu bazara çıxaranadək 2-3 dəfə əl dəyişdirir və hər keçid zamanı üzərinə qazanc faizi gəlir. Nəticədə nə istehsalçı real qazanc əldə edə bilir, nə də istehlakçı münasib qiymətə məhsul ala bilir.
İkinci mühüm faktor isə şəhər daxilində meyvə satışının yüksək xərclərlə müşayiət olunmasıdır. Satıcılar yer haqları, soyuducu və qablaşdırma xərcləri, itki riski ilə üzləşirlər. Bu da təbii olaraq satış qiymətlərinə təsir edir.
Daha bir səbəb isə təbiət hadisələridir. Bu il yaz aylarında yağıntıların normadan çox olması gilas və ərik kimi tez yetişən meyvələrin məhsuldarlığına mənfi təsir göstərib. Bəzi bölgələrdə məhsul ya tam yetişməmiş qopub tökülüb, ya da keyfiyyətcə zəif olub.
Bazar mexanizmləri niyə işləmir?
Əgər təklif artırsa, qiymət azalmalıdır – iqtisadiyyatın fundamental qanunu bunu deyir. Amma kənd təsərrüfatı məhsulları sahəsində bu prinsip çox zaman işləmir. Səbəb isə istehsal və satış zəncirində şəffaf və səmərəli mexanizmlərin olmamasıdır. Rəqabətli mühitin zəifliyi, fermerin şəhər bazarlarına çıxışının məhdud olması, kooperativlərin demək olar ki, yox səviyyəsində qalması və dövlət nəzarətinin zəifliyi qiymətlərin sərbəst şəkildə şişməsinə yol açır.
Statistik göstəricilər isə əksini göstərir: ərik, gilas və albalı istehsalında son 20 ildə ciddi artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə 13 min ton olan ərik istehsalı 2024-cü ildə 30 min tona, gilas 6 min tondan 50 min tona, albalı isə 6 min tondan 11 min tona yüksəlib. Bu artım əsasən Quba-Xaçmaz, Şəki-Zaqatala və Naxçıvan bölgələrində qeydə alınıb. Beləliklə, istehsalda artım olsa da, qiymətlərdə azalma əvəzinə yüksəliş müşahidə olunur.
Başqa ölkələr bu problemi necə həll edir?
Bir çox ölkələrdə kənd təsərrüfatı məhsullarının ucuz və əlçatan formada bazara çıxarılması üçün uğurlu modellər tətbiq olunur. Bu model həm qiymətlərin sabit saxlanmasına, həm də fermerlərin daha çox qazanc əldə etməsinə imkan verir.
Məsələn, Türkiyədə “Tanzim satış” adlanan model uzun illərdir fəaliyyət göstərir. Bu sistemdə kənd təsərrüfatı məhsulları birbaşa dövlətin təşkil etdiyi satış nöqtələrində təklif olunur. Vasitəçi sayının azaldılması məhsulun qiymətinə müsbət təsir edir və alıcı ilə istehsalçının birbaşa əlaqəsini təmin edir. Nəticədə fermer daha çox qazanır, alıcı isə daha ucuz məhsul alır.
Regionlarda istehsal olunan kənd təsərrüfatı məhsullarının birbaşa Bakıya gətirilərək satışa çıxarılması məqsədilə bir neçə ildir ki, ölkədə “Kənddən Şəhərə” modeli tətbiq olunur. Bu təşəbbüsün əsas məqsədi fermerlərin məhsullarını vasitəçilərsiz təqdim etməsinə şərait yaratmaq, eyni zamanda paytaxt sakinlərinə keyfiyyətli və münasib qiymətə kənd məhsulları çatdırmaqdır.
Model ilkin mərhələdə ciddi maraqla qarşılanıb və bir çox bölgə fermeri üçün satış imkanları yaradıb. Təzə, yerli məhsulların yarmarka şəraitində təqdim olunması həm alıcını, həm də istehsalçını razı salan bir addım kimi qiymətləndirilib. Bununla belə modelin davamlı və sistemli şəkildə fəaliyyət göstərməməsi müəyyən məhdudiyyətlər yaradır.
Hazırda “Kənddən şəhərə” təşəbbüsü əsasən yarmarka formatında -müəyyən vaxtlarda təşkil olunur. Müntəzəm fəaliyyət göstərən daimi satış məntəqələrinin olmaması bu modelin şəhər bazarında geniş təsir imkanlarını azaldır. Digər tərəfdən modelin əhatə dairəsi hələ də məhduddur – bu təşəbbüsdən faydalana bilən alıcı və fermer sayı çox azdır.
Qiymətlərə təsir məsələsinə gəlincə, “Kənddən şəhərə” modeli Bakı bazarlarında mövcud olan qiymət fərqini hələ ki, əhəmiyyətli dərəcədə aradan qaldıra bilməyib. Mövsümi meyvə və tərəvəzlər yarmarkalarda bir qədər ucuz təklif edilsə də, bu tendensiya geniş bazar qiymətlərinə ciddi təsir göstərmir.
Nə etməli? – Mütəxəssislərdən təkliflər
Mütəxəssislər meyvə məhsullarının qiymətindəki kəskin fərqlərin aradan qaldırılması və bazar sisteminin daha ədalətli şəkildə işləməsi üçün bir sıra sistemli həll yolları təklif edirlər.
İlk növbədə fermer bazarlarının sayı artırılmalı və bu satış məntəqələri şəhər mərkəzlərində daha əlçatan formada təşkil olunmalıdır. Bu addım həm istehsalçının birbaşa satış imkanlarını genişləndirər, həm də alıcıya məhsulu daha münasib qiymətlə əldə etməyə şərait yaradar.
Bununla yanaşı, onlayn satış platformalarının yaradılması vacib hesab olunur. Kənd təsərrüfatı məhsullarının rəqəmsal bazarlarda təklif olunması şəhər alıcısının birbaşa fermerlə əlaqə qurmasına və məhsulun vasitəçilər olmadan süfrəyə çatmasına imkan verə bilər.
Meyvələrin ucuz və effektiv daşınması da əsas məsələlərdən biridir. Bu məqsədlə loqistika sahəsində dövlət dəstəyi və subsidiya mexanizmləri tətbiq edilməlidir. Xüsusilə yanacaq və daşıma xərclərinin azaldılması məhsulun son qiymətinə müsbət təsir göstərə bilər.
Eyni zamanda qiymət monitorinq sisteminin gücləndirilməsi zəruridir. Bazarlarda süni qiymət artımlarına qarşı real nəzarət mexanizmlərinin tətbiqi alıcı hüquqlarını qorumaqla yanaşı rəqabətli mühitin formalaşmasına da töhfə verəcək.
Son olaraq fermerlərin kooperativləşməsi təşviq olunmalıdır. Kiçik və orta istehsalçılar birləşərək həm məhsullarını daha sərfəli şəkildə bazara çıxara, həm də vahid satış sisteminə daxil olaraq xərcləri azalda bilərlər. Bu, həm istehsalçı, həm də istehlakçı üçün daha davamlı və səmərəli bazar mühiti yarada bilər.