Xəbər verdiyimiz kimi Qobustan rayonunda əhali ilə İcra Hakimiyyəti arasında torpaq sahələrinin məhv edilməsinə görə qalmaqal yaşanır.
“Millətin Səsi.az”-a verilən məlumata görə, rayonun münbit torpaqlarının böyük hissəsi icra başçısı tərəfindən zəbt edilib, digər otlaq sahələri olan, kəndlilərə məxsus ərazilər isə qazılaraq yararsız hala salınır. Harda bitki bitən ərazi varsa, oranın torpağı harasa daşınır. Hal-hazırda Şıxzərli kəndində iş gedir; kamazlar vasitəsilə torpaq daşınır. Torpağın məhv edilməsinin qarşını almaq üçün kamaz sürücülərinə yerli sakinlər etiraz edib və bu əlbəyaxa davaya çevrilib.
Şikayət edənləri- hər kənddən iki-üç ağsaqqal olmaqla – İcra Hakimiyyətinin başçısı şəxsən özü rayonun bütün oranlarının rəhbərləri ilə birgə qəbul edib, lakin problemi həll etmək əvəzinə şikayətçiləri söyərək İcra Hakimiyyətinin inzibati binasından qovub.
Sakinlərin bildirdiyinə görə, torpağın hara daşınması haqqında məlumatsızdırlar. Amma İH hər bir kamaz sürücüsündən torpaq daşıdığına görə, 500 manat haqq alır.
Mövzu ilə bağlı Miiletinsesi.az-a danışan Qobustan Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəramət Əkbərov deyilənlərin yalnış olduğunu bildirdi. Onun sözlərinə görə, rayon ərazisində torpaq oğruları var; onlara qarşı bütün aidiyyati qurumlarla birgə mübarizə aparırıq. Harda fakt bilirsizsə, deyin, dərhal qarşısını alaq.
Mövzunu davam etdirəcəyik. Torpaq oğrularının kim olduğunu aydınlaşdıracağıq. Sakinər, yoxsa məmurlar?