Qrant müsabiqəsinin elan edilməsi və müsabiqədə iştirak qaydası məlum oldu

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqəsinin elan edilməsi və müsabiqədə iştirak qaydası məlum olub.

Moderator.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarda qeyd edilib ki, müsabiqə Agentlik tərəfindən şəffaflıq, obyektivlik, səmərəlilik, nəticəlilik və bərabərlik prinsiplərinə riayət olunmaqla keçirilir.

Müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 (otuz) gün qalmış Agentlik tərəfindən onun rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və informasiya ehtiyatında yerləşdirilir, habelə bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir.

3. Müsabiqənin keçirilmə müddəti 6 (altı) aydan artıq ola bilməz.

4. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar qeyd edilir:

Qaydanın 7.5-ci bəndində nəzərdə tutulan sənədlərin (məlumatların) siyahısı;

2. müsabiqənin mövzusu və şərtləri;

3. müsabiqənin başlanma və bitmə tarixi;

4. müsabiqəni təşkil edən qurumun adı, ünvanı və əlaqə vasitələri barədə məlumatlar.

QHT müsabiqədə iştirak etmək üçün Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elektron ərizə ilə müraciət edir. Elektron ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:

1. layihə təklifi;

2. layihənin icra planı;

3. layihənin xərclər smetası;

4. layihənin büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

5. QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

6. QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

7. QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

8. qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

9. orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;

10. orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 (üç) və ya 5 (beş) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 10 (on) və ya 20 (iyirmi) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Qaydanın 7.5.1 – 7.5.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin nümunəvi formalarını Agentlik təsdiq edir və özünün rəsmi internet səhifəsində yerləşdirir.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

1. əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

2. məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və bu Qayda ilə ziddiyyət təşkil edən layihələr.

Agentliyin maliyyələşdirdiyi icrası başa çatmayan layihələri həyata keçirən QHT, habelə layihələrlə bağlı qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə 2 (iki) ilədək müddətə müsabiqədə iştirak hüququndan məhrum edilən, eləcə də nizamnamə məqsədlərinə uyğun layihə təqdim etməyən QHT müsabiqəyə buraxılmır.

Müsabiqəyə təqdim olunan bütün layihələr təqdim edildiyi gün Agentlik tərəfindən qeydiyyata alınır və bu barədə müraciət edən QHT-yə elektron qaydada bildiriş göndərilir.

Elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə onların məzmun və mahiyyətini dəyişməyən və aradan qaldırılması mümkün olan müsabiqədə iştirak etmək üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, elektron ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, Agentlik onların aradan qaldırılması barədə bildirişi QHT-yə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda QHT-yə bildirilməlidir. QHT 3 (üç) iş günü müddətindən gec olmayaraq qeyd olunan çatışmazlıqları aradan qaldırmalı və Agentliyə göndərməlidir.

QHT elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları Qaydanın 7.10-cu bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Agentlik elektron ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə 5 (beş) iş günü müddətində QHT-yə bildiriş göndərir.

Mənbə

Share: