Quliyevlər ailəsi niyə kirayədə yaşayır?

Gördüyünüz bu bina Naxçıvan şəhər Mədəniyyət sarayının yanında yerləşir. Bir neçə il əvvəl tikilib satışa çıxarılıb. Əvvəl onun yerində 2 mərtəbəli bina ucalırdı. 2016-cı ildə Naxçıvan şəhər İcra Hakimiyyətindən gəlib bina sakinlərinə deyiblər ki, dərhal mənzilinizi tərk etməlisiniz, binanın yerində Vasif Talıbovun oğlu Seymur əfəndi yeni ev tikəcək. 

 

Məlumata görə, həmin binanın sökülməsinin bəhanəsi qəzalı vəziyyətdə olması olub. Şikayətçi isə bu iddia ilə razılaşmır. Onun fikrincə, bina sakinləri kasıb olduğundan onun fasadına əl gəzdirə bilməyiblər, bu da binanın ümumi görüntüsünü olduğundan yaşlı göstərirmiş.

 

Qısası, Naxçıvan şəhər İcra Hakimiyyətinin tələbilə sakinlər çar-naçar evlərindən çıxmalı olurlar. Onlara əvvəl 2-3 aylıq kirayə pulu verilir. Daha sonra sakinlər şəhərin kənarında Qaraxanbəyli kəndinin yaxınlığında yeni tikilən evlə təmin olunurlar. Onlardan biri isə şəhərdən xeyli aralıda təklif edilən evlə razılaşmır. Beləcə, Quliyevlər ailəsinin məşəqqətli günləri başlayır. 

 

 Quliyevlər ailəsinin rəisi dəfələrlə polis idarəsinə çağırılıb zorla şikayətindən imtina etməyə məcbur olunub. Hətta bir dəfə Naxçıvan şəhər İcra başçısı Mirsənan Seyidov onu qəbul edib və evdən şəhid ailəsinin xeyrinə vaz keçməyi məsləhət görüb. Elşən Quliyev bu təkliflə razılaşmayanda icra başçısının psixoloji təzyiqi ilə üzləşib. Ailəyə evləri üçün 15 min manat kompensasiya da təklif ediblər. Bütün basqılara sinə girən Quliyevlər 7 ildir kirayədə ağır şəraitdə yaşayırlar. Seymur Talıbov isə onların evinin yerində tikdirdiyi bu binanı bahalı qiymətə satıb, varidatına varidat qatıb.

 

Quliyevlər ailəsi isə ümidlərini Azərbaycan hakimiyyətinin Naxçıvanda başlatdığı yoxlamaların nəticəsinə bağlayaraq, bir gün şansın onların da üzünə güləcəyi zamanı səbirsizliklə gözləyirlər.

 

Maraqlıdır ki, evlərinin sökülməsi Vasif Talıbov xanədanının Quliyev ailəsinin başına açdığı ilk oyun da deyil. Naxçıvanın möhtərəm “xan”ı hakimiyyətə gəldiyi ilk illərdə (1998-2000)  sökdürdüyü mağazalardan biri də onlara məxsus imiş. Əziz Əliyev küçəsində yerləşən, 40 kvadrat metr sahəsi olan bu mağazanın yerində indi Naxçıvan şəhər məhkəməsinin bir hissəsi ucalır. Zorla qəsb olunan və haqqı ödənməyən bu torpaq sahəsində inşa edilən həmin məhkəmə binasında hər gün Vasif Talıbovun təbəələrindən birinin taleyinə qərar verilir. Görünür, Naxçıvan məhkəmələrinin çıxardığı hökmlərdə ədalət çatışmazlığı sindromu da onun təməllərinin haram torpaq üzərində atılmasından qaynaqlanır. Bəlkə də elə bu səbəbdəndir ki, qəsb olunmuş ərazilərdə ilahi qüdrətin təcəssümü sayılan məscidlərin tikilməsi Məhəmməd peyğəmbər tərəfindən qadağan olunmuşdu. Ədalət də Allahın bir adıdır və məhkəmə bu adı özündə təcəssüm etdirir. Vasif Talıbovun məhkəmələri isə şeytani xislət sayılan qəsbkarlıq üzərində qurulduğundan hər cür ədalətsizliklərin, repressiyaların, haqsızlıqların meydana çıxdığı İblis yuvası kimi fəaliyyət göstərir.

 

Heydər Oğuz

Mənbə

Share: