Qurban Qurbanov: “Məğlub olmaqdan qorxmuruq”

“Komandada son günlər yorğunluq hiss olunur. Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik”.

Millətin Səsi.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

“Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar”, – Qurbanov bu gün keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi Afinada “Olimpiakos”u məğlub etdikləri qarşılaşmada sonuncu qoldan sonrakı sevinci haqqında danışıb:

“Bu, sırf Ramil Şeydayevin qolunun sevinci idi. Sona 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə çox sevinirəm”.

Təcrübəli məşqçi müəyyən səviyyəyə çatmağın asan, orada qalmağın isə çətin olduğunu söyləyib:

“Qalibiyyətlərimizin gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq”.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Mənbə

Share: