“Rəhmətlik Tofiq İsmayılov  Xankəndindən gələn rusları çox sərt ifadələrlə qarşıladı…”

“Rəhmətlik Tofiq İsmayılov  Xankəndindən gələn rusları çox sərt ifadələrlə qarşıladı…”

“Polyaniçkonun davranışından hiss etdim ki, o, vertolyot hadisəsindən öncədən  tam xəbərdardır…”

31 il öncə -1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd helkopter faciəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçən ilk ayda müstəqil dövlətçliyimizə böyük zərbə vurmaqla xalqımızın sonrakı taleyini dəyişmiş bir hadisə oldu. Bu günədək 20 noyabr faciəsi haqda müxtəlif şahid ifadələri söylənib, cürbəcür ziddiyyətli fikir və mülahizələr səsləndirilib…

1988-1992-ci illərdə ölkə rəhbərlərinin tapşırıqlarına əsasən Qarabağ ərazisində ərazilərimizin işğaldan müdafiəsi naminə aktiv fəaliyyət göstərmiş sabiq Ədliyyə naziri və Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) Əlisaab Orucov “Mübarizəmiz Qarabağdadır” adlı kitabının “Qarakənd faciəsinin təşkilatçısı” adlı bölməsində   bəhs edilən  faciəyə xeyli dərəcədə fərqli baxış və münasibət nümayiş etdirir. Keçmiş nazir buna qədər öz iştirakçısı və şahidi olduğu hadisə və proseslər, həmçinin bilavasitə 20 noyabr faciəsi məkanında olmuş şahidlərin söylədikləri əsasında, demək olar ki, qəti şəkildə belə nəticəyə gəlir ki, həmin ərəfələrdə Qarabağa nəzarət edən Respublika Təşkilat Komitəsinin rəhbəri olmuş 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi kimi çalışmış Viktor Polyaniçko olub…
 

Aktuallığını nəzərə alaraq Azərbaycan mediasına ilk dəfə təqdim olunan sözügedən materialın ən vacib məqamlarını dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq: 

 

1991-ci ilin 20 noyabrında baş vermiş vertolyot faciəsi ilə bağlı Ağdam Polis İdarəsinin o vaxtkı rəisi İslah Paşayevin söylədiklərindən(kitabda yazılanların ən əsas məqamlarını çatdırırıq-S.L): 

 

19 noyabr 1991-ci ildə Bakıdan Ağdama zəng edən o vaxtkı Daxili İşlər naziri Məhəmməd Əsədov bildirdi ki, sabah tezdən respublikaının Dövlət katibi Tofiq İsmayılovun rəhbərlik etdiyi komissiyanın tərkibində Qaradağlıda baş vermiş hadisəni araşdırmaq məqsədilə Ağdama gəlib həmin gün də Bakıya qayıdacaqlar. O, Qaradağlı kəndinin vəziyyəti ilə maraqlandı. Həmin kəndin azərbaycanlıların sıx yaşadıqları böyük kənd olmasını bildirdim. Ermənistandan qovulan çoxlu sayda soydaşımızın həmin ərazidə məskunlaşmaları haqda onu məlumatlandırdım. Həmçinin ona noyabrın 18-də ruslarla ermənilərin həmin kəndə “BTR”-lərlə hücuma keçib azərbaycanlıların yaşadıqları ev-eşikləri darmadağın etmələrini, dinc əhalidən ölən və xəsarət alan olmasını bildirdim. Hadisə ilə bağlı Xocavənd və Qaradağlı camaatının Ağdama yığışdığını dedim. Ümumiyyətlə, həmin bölgə ilə bağlı daim məlumatım olurdu. Tez-tez oraya gedib camaatın vəziyyəti ilə maraqlanırdım…

 

Noyabrın 20-də səhər saat 8:30 radələrində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Səyyaf Vediyevlə aeroporta gedib saat 9:00-da Bakıdan gələn qonaqları qarşıladıq.  Dövlət katibi Tofiq İsmayılov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Müdafiə Nazırliyi Baş Qərargah rəisi, general-leytenant Valeh Bərşadlı, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini Qurban Namazəliyev, xalq deputatları Vaqif Cəfərov və Vəli Məmmədov və başqaları olmaqla təxminən 15 nəfərdən ibarət dövlət nümayəndəsi Ağdama gəlmişdi… 

 

Ali Sovetin sədr müavini  və AXC liderlərindən olan Tamerlan Qarayev və Baş prokuror İsmət Qayıbov əvvəldən Ağdamda idilər. T. Qarayev V.Polyaniçkonun rəhbərlik etdiyi Respublika Təşkilat Komitəsinin qərargahında əyləşirdi. Həmin vaxt Ağdam aeroportunda təxminən 2 mindən artıq Xocavənd və Qaradağlı camaatı və onlardan başqa Ermənistan qaçqınlarıyla birgə 5 min nəfərə yaxın adam toplaşmışdı. Camaat  Bakıdan gəlmiş qonaqları olduqca pis qarşıladı. Onları nalayiq söyüşlərlə təhqir etdilər…

 

Hava olduqca soyuq və çiskinli idi… Qonaqları emosiyaları qızışmış camaatın əlindən alıb Polyaniçkonun Ağdamdakı qərargahına gətirdik.  Binanın qarşısında toplaşmış təxminən 1000-ə yaxın Xocavənd və Ermənistan camaatı da qonaqları çox pis qarşılayıb, onların və respublika rəhbərinin ünvanlarına küçə söyüşləri yağdırdılar. Onlar M.Əsədovun Daxili İşlər naziri vəzifəsindən azad olunması ilə bağlı da öz etirazlarını bildirirdilər… Çətinliklə binaya daxil olub qərargah olan mərtəbəyə qalxdıq…

 

Qaradağlıda yaranmış vəziyyəti T.İsmayılova məruzə etdim. O, göstəriş verdi ki, ora yığışan camaat iclas salonuna dəvət edilsin. Çünki Qaradağlı və Xocavənd sakinlərini dinləmək istəyirdi. Camaat olduqca əsəbi vəziyyətdə olduğundan T.İsmayılova onlarla görüşməsini məsləhət bilmədim. Lakin rəhmətlik razılaşmadı və yenə də  həmin insanların iclas zalına dəvət olunmasını tələb etdi… Camaatın bir hissəsini içəri buraxdıq – salon ağzına kimi adamla dolu idi…

 

Bundan sonra T.İsmayılov Respublika Təşkilat Komitəsinin üzvləri Z.Hacıyev və Q.Namazəliyevlə iclas salonuna keşdi. M. Əsədovla mən isə təxminən 15 dəqiqəyə yaxın iclasda iştirak etdikdən sonra Xankəndindən gələn qonaqları qarşılamaq üçün Ağdam aeroportuna yollandıq. Onları qarşılayıb dövlət katibinin yanına gətirdik. Rəhmətlik Tofiq İsmayılov  Xankəndindən gələn Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyovu, vilayətin prokuroru İ.Plavskini, SSRİ DTK-nın Azərbaycan idarəsinin vilayət üzrə şöbəsinin rəisi S.İvanovu və vilayətin fövqəladə vəziyyət rayonunun komendantı N.Jinkini çox sərt ifadələrlə qarşıladı və hətta fəaliyyətsizliklərinə görə onları söyüb təhqir etdi.  Sonra isə baş prokuror İsmət Qayıbova tapşırıq verdi ki, Qaradağlıda törədilmiş hadisələrn yoxlanılması məqsədilə cinayət işi başlansın…

 

Zaldakı camaat çox təkid etdi ki, komissiya üzvləri Qaradağlıya- hadisə yerinə gedib rusların və ermənilərin kənddə törətdiyi vəhşilikləri yerində görsünlər. Bu vaxt hərbi komendant N.Jinkin bildirdi ki, Qaradağlı camaatı yalan danışır. Ruslar Qaradağlı camaatına qarşı heç bir əməliyyatda iştirak etməyiblər və ümumiyyətlə, Qaradağlıya noyabrın 18-də heç bir hücum olmayıbdır.

 

Uzun söhbətdən sonra T.İsmayılov komissiya üzvlərinə Qaradağlıya gedib kənddə yaranmış vəziyyəti öz gözlərilə görmələrini təklif etdi. Onu da deyim ki, Xocavənd və Qaradağlı camaatının təkidi olmasaydı, T.İsmayılovun Qaradağlıya getmək fikri yox idi… Onlar Ağdam aeroportundan saat 11:05-də… Qaradağlıya uçdular. Havaya qalxmamışdan öncə M.Əsədov mənə bildirdi ki, təxminən bir saat yarımdan sonra Ağdama qayıdacaqlar. Çox gözlədik, vertolyot qayıtmadı. 5 dəfə aeroporta gedib-gəldik. Vertolyotdan bir xəbər çıxmadı… Bir neçə dəfə Ağdamın hərbi komendantı İ.Petrovdan qonaqların qayıtmamalarının səbəbini soruşdum… Axşam saat 19 radələrində o dedi ki, bir hərbi vertolyot vilayətin Qarakənd kəndi(ermənilərin yaşadığı kənd) üzərindən uçarkən dağa dəyib qəzaya uğrayıb. Amma guya həmin vertolyotun kimə və hara məxsus olduğunu dəqiq deyə bilmədi… İ.Petrovu və Ağdam aeroportunda yerləşən hərbi hissənin komandiri S.Popovu yanıma dəvət etdim. Onlarla belə qərara gəldik ki, hadisə yerinə – Qarakəndə gedək. … Vertolyot dağın zirvəsindən təxminən 50 metr aşağıda, yamacda alovlanıb yanırdı. Yuxarı qalxdıq… Vertolyot elə yanırdı ki, onun alüminiumdan olan hissəsi əriyib su kimi yamacdan üzüaşağı axırdı… Meyitlər vertolyotdan təxminən 2-5 metrə kimi aralıda yerə sərilmişdi. Orada mən Tofiq İsmayılovun, İsmət Qayıbovun, Vladimir Kovalyovun, Rusiya və Qazaxıstandan olan generalların meyitlərini tanıdım… Vertolyotun içərisində, lap ön hissəsində yanan insan cəsədlərindən ibarət tonqal alovlanırdı. Cəsədlərin kimə məxsus olduğunu tanımaq qeyri-mümkün idi. Görünür, M.Əsədovun cəsədi də həmin tonqalda idi.. Çünki vertolyotun ətrafında olan meyitlərin arasında onu çox axtardım, tapa bilmədim…

Vertolyotun qanadları(pərləri) onun sağına və soluna, təxminən 7-8 metr aralıda yerə düşmüşdü. Oradan biz yenə  də zirehli maşına oturub, geri – Ağdama qayıtdıq… 

 

Təxminən 20 dəqiqə olardı ki, hadisə yerindən qayıdıb kabinetimdə əyləşmişdim. Jurnalist Çingiz Mustafayev yanıma gəldi. Hadisə ilə əlaqədar onu məlumatlandırdım. Çingizin gəlişindən 10 dəqiqə sonra V.Polyaniçko kabinetimə gəlib hadisə ilə maraqlandı li, görsün, hadisə haqqında nə kimi məlumatım var. Mən hadisə yerində gördüklərimi ona da danışdım və başqa heç bir şey bilmədiyimi dedim.. V.Polyaniçko özünü elə aparırdı ki, elə bil, xırda, əhəmiyyətsiz bir hadisə baş verib. Onun davranışından hiss etdim ki, o, vertolyot hadisəsindən öncədən tam xəbərdardır.. O, mənim yanımdan tez də çıxıb getdi…

 

Hadisənin ertəsi günü, noyabrın 21-də tezdən respublikanın Baş prokurorunun I müavini Murad Babayev, respublika Prokurorluğu İstintaq İdarəsinin rəisi Adil Ağayev və Respublika Prokurorluğunun digər əməkdaşları Ağdama gəldilər… Ağdam  Polis İdarəsinin tabeliyndə olan təxminən 50 nəfər silahlı polis əməkdaşı ilə hadisə yerində olduq. Xankəndindən gəlmiş SSRİ Hərbi Prokurorluğunun əməkdaşları, hərbçilər və V.Polyaniçko artıq hadisə yerində idilər… 

A.Ağayevin rəhbərliyi ilə istintaq-əməliyyat qrupu SSRİ Hərbi Prokurorluğunun əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirdilər. Hadisə yerindən “qara qutu” və s. maddi sübutlar, əşyalar götürüldü… Vertolyotun qanadlarının bir neçə yerində güllə izləri var idi… Moskvadan gəlmiş ekspert-mütəxəssilər də hadisə yerinə baxış keçirdilər. Ekspertlər bildirdilər ki, vertoyotun qəzaya uğramasına səbəb onun qanadlarını saxlayan trosun kənardan güllə ilə vurulub sıradan çıxarılması olmuşdur. Onlar həmçinin dedilər ki, vertolyotu idarə edən heyət üzvlərinin güllə ilə vurulub qətlə yetirilmələri də qəzaya səbəb olmuşdur…

 

Hadisənin baş verməsini Qarakənd kəndi ilə həmsərhəd olan Ağdamın Mərzili kənd sakinləri – ata ilə oğul heyvanlarını çöldə otararkən görmüşdülər. Onlar qonşu Qarakənd kəndi üzərində uçan vertolyotun, həmin kənddəki yüksəkliyin üzərinə düşdüyünü söylədilər…”

 

O günlərdə Ağdam aeroportundan Dağlıq Qarabağa azərbaycanlıların yaşadıqları kəndlərə vertolyotların uçuşlarını təşkil edən Aydın Kazımov 20 noyabr  Qarakənd faciəsi  və ümumiyyətlə, həmin ərəfədə Ağdam aeroportunda baş vermiş hadisələri belə xatırlayır:

 

(Davamı var) 

 

Təqdim və şərh etdi: 

 

Sultan Laçın

 

Mənbə

Share: