İnternetin sürəti hansı ölkələrdə daha üstündür? Şirkətləri onlayn rejimində harada tez bir vaxtda qeydiyyatdan keçirmək və yerli mobil nömrə əldə etmək olar? Hansı ölkədə evdən çıxmadan və ya kafedə masanın arxasında oturub bizneslə məşğul olmaq mümkündür? AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bütün bu rəqəmsal imkanların yüksək səviyyədə olduğu ölkələrin adları InterNations birliyinin “Digital Life Abroad” (“Xaricdə rəqəmsal həyat”) adlı hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, kommunikasiya imkanları dünya ölkələrinin mədəniyyətinə təsir edərək onları dəyişdirir. Bir çox ölkələrdə rəqəmsal element gündəlik həyat tərzinə çevrilib. Bəzi ölkələr isə bu sahədə daha böyük uğurlar əldə edib.
Tədqiqatlar nəticəsində hazırlanmış dünya reytinq cədvəlində birinci yeri Estoniya tutur. Tallin bu yerə “internetə sərbəst giriş” və “onlayn dövlət xidmətləri”nin yüksək səviyyəsi nəticəsində layiq görülüb. Qeyd olunur ki, Estoniyada son illər rəqəmsal infrastruktura böyük məbləğdə sərmayələr yatırılıb. Hökumətin sponsoru olduğu “e-Estoniya” proqramı onlayn rejimində səsvermədə iştirak etməyə, bank və səhiyyə xidmətlərindən istifadəyə, hətta virtual vətəndaşlıq almağa və şirkətləri qeydiyyatdan keçirməyə imkan verir. Bütün bu texnoloji yeniliklər ölkə iqtisadiyyatına xeyli gəlir gətirir. Avropa İttifaqı ölkələrinin biznesmenləri də Tallində şirkət açaraq bu üstünlüklərdən faydalanırlar. Bundan başqa, kiberhücumların qarşısının alınması, bank və digər şəxsi hesabların mühafizəsi sahəsində də Estoniya ən etibarlı ölkə sayılır. Hətta NATO özünün kiberhücumlara qarşı Ekspert Mərkəzini Tallində açmağa qərar verib.
Bu göstəricilərə görə reytinq cədvəlində ikinci yeri Finlandiya tutur. Bu ölkədə ən sürətli onlayn şirkət açma prosedurası və nağdsız ödənişlər sistemi mövcuddur. Helsinki dünyada ilk dəfə hər bir vətəndaşın genişzolaqlı internetdən istifadə hüququnu təsbit edən qanun layihəsini qəbul edib. Finlərin yüksək səviyyədə informasiyaya çıxış, onlayn rejimdə dövlət xidmətlərindən istifadə etmək, bir çox xidmətləri avtomatik olaraq digər ölkələrə köçürmək üzrə imkanları əcnəbi iş adamlarını da cəlb edir. Bundan başqa, Finlandiyada rəqəmsal infrastruktur təhsil sistemində daha çox yer alıb. Nəhəng rəqəmsal imkanların olduğu Helsinki kitabxanasında dünya ədəbiyyatının nümunələri, elm və texnikanın bütün nailiyyətləri ilə tanış olmaq, eyni zamanda idmanla məşğul olaraq istirahət etmək də mümkündür.
Məhdudiyyətsiz internet şəbəkəsinin və asan əldə edilən mobil nömrələrin olduğu İsrail reytinq cədvəlində üçüncü yerdədir. Bu ölkəni innovasiya texnologiyalarının güclü mərkəzi də adlandırmaq olar. Yəhudilər ölkələrinin “Startup Nation” (“Startaplar dövləti”) kimi təqdim olunmasından çox məmnundurlar. İsrail informasiya texnologiyaları sahəsində mütəxəssislər üçün ən münbit 10 ölkə sırasındadır. Bu ölkənin daha bir xüsusiyyəti internet xidmətlərinin daha ucuz və etibarlı olmasıdır. Startapların əksəriyyəti isə biznes üçün geniş imkanların yaradıldığı Tel-Əviv şəhərinə axışır.
Yuxarıda göstərilən rəqəmsal uğurları əldə edən daha bir ölkə -Kanada reytinq cədvəlində dördüncü yeri tutur. Lakin bu ölkə dünyada internet xidmətlərinin ən bahalı olduğu dövlətlər sırasındadır. Toronto şəhəri Kanadanın rəqəmsal texnologiya mərkəzi hesab olunur.
Reytinq cədvəlində beşinci yeri Cənubi Koreya tutur. Lakin bu ölkədə bir sıra onlayn xidmətlərin və mobil əlavələrin səviyyəsi o qədər də yüksək sayılmır. Eyni zamanda, şəxsi məlumatların və hesabların oğurlanması halları da tez-tez baş verir. Cənubi Koreyanı bu göstəricilər üzrə ən etibarsız ölkələrdən biri hesab edən və Android sistemini tənqid edən Bloomberq Law portalı biznesmenlərə Amerikanın Amazon və ya PayPal mobil əlavələrindən istifadə etməyi məsləhət görüb.