“Bu gün bu layihə müzakirə olunur, çünki dövlətə lazımlıdır. Bizə lazım olan layihələri müəyyənləşdiririk”.
Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən müzakirəsi zamanı deyib.
“Qanun asan görünsə də, uzun müddət ərzində hazırlanıb. Əsas məqsəd olmayan sahələrə rəqabət gətirməkdir. Rəqabət Məcəlləsinin mümkün qədər tez qəbul olunmasının tərəfdarıyam”.
Nazir, həmçinin bələdiyyələrlə bağlı məsələyə toxunub. O, bələdiyyələrin bu sahəyə cəlb edilməsinə baxılacağını söyləyib.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. İclasda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir