
Tanınmış ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Paşinyanın Almaniyaya səfəri çərçivəsində kansler Olaf Şoltsun ermənipərəst açıqlamasını Moderator.az-a şərh edib:

“Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri və kansler Olaf Şoltsla görüşü və Almaniya rəhbərinin dilindən səsləndirilən fikirlər Ermənistanda müzakirə edilməkdədir. Şoltsun Ermənistan və Azərbaycanın ərazi bütövlüyü əsas götürülərək eyni zamanda Qarabağ ermənilərinə öz müqəddəratını təyin etmə haqqının verilməsi ilə qalıcı bir sülhə nail olunması fikrini səsləndirməsi bəzi erməni siyasi dairələrini ürəkləndirmişdir. Ermənistan bəlli beynəlxalq dairələrdə Qarabağ ermənilərinin belə haqqının olmasını sıx- sıx dilə gətirmiş və hətta Minsk qrupu formatının bərpa olunması cəhdləri də etmişdi. Azərbaycanın artıq belə məsələ yoxdur və Qarabağ iqtisadi rayonunda hər hansı problem ölkənin iç məsələsidir mövqeyi daha çox qəbul görmüşdü və əlbəttə, Almaniyanın da bu proseslərdən xəbəri vardı. İçi Almaniya qarışıq bütün dünyanın 44 günlük müharibənin nəticələrini qəbul etdikləri məlumdur.
Almaniya kanslerinin Paşinyanla görüşdə belə bir fikir səsləndirməsinə necə baxıla bilər? Əlbəttə, dünyada gedən hərbi- siyasi proseslər baxımından baxılırsa Almaniya Ukrayna- Rusiya savaşından ən çox zərər görən tərəf kimi fərli bölgələrdə gedən siyasi gəlişmələrə daha aktiv qatılmaq istəyir. Almaniyanın da başqa Qərb dövlətləri kimi Rusiyanın Cənubi Qafqazda təsir gücünün azaldılması və hətta bölgədən çıxarılması hədəfləri var. Bölgəmizə marağının təməlində də bu cəhət durur. Almaniya rəhbəri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, bölgəmizdə qalıcı sülhün olması onun da maraq dairəsindədir. Amma Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması kimi erməni hay- küyünün, Laçin yolunun bağlanması yalanının fonunda hansı mexanizmin faydalı olacağını hesablamaqda çətinliyi var. Bundan öncə mövcud olmuş prinsipləri təkrarlamaq da bundan qaynaqlanır. Əslində bu təhlükəli yanaşmadır və bölgədə sülhün əldə edilməsinə zərbə vuracaq olayları da özü ilə gətirəcəkdir. Bu yanaşmanın ən çox Ermənistana zərər verəcəyi də görünməkdədir. Paşinyanın Şoltsun bu fikri səslləndirərkən səssiz qalması və yenə də təhlükəsizlik məsələsi üstündə durması Ermənistanda müxaliflərin tənqidinə səbəb oldu, gerçək budur ki, Paşinyan başlanan sülh danışıqlarında yenidən “öz müqəddəratını təyin etmə haqqı”nın ortaya atılmasını istəmir, çünki həmin məsələ çoxdan bəridir ki, gündəmdə yoxdur və Qarabağ ermənilərinin durumu Azərbaycanın iç məsələsi kimi qəbul edilmiş durumdadır.
Məncə, Azərbaycan Almaniya kanslerinin bu fikrinə əhəmiyyət verməməlidir, Avropa İttifaqının Laçin yolu ilə bağlı verdiyi qərara münasibətdə olduğu kimi…”