
Fikrət Sadıqov: “Fransa Rusiyanı Ermənistandan uzaqlaşdırmağa çalışır”
Fransa Ermənistana GM200 radio lokasiya sistemləri, habelə “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemləri verəcəyini bəyan edib.
Maraqlıdr, Fransanın Ermənistanı silahlandırmaqda məqsədi nədir? Rəsmi Paris bununla nəyə nail olmağa çalışır?
Moderator.az-a açıqlama verən sabiq diplomat, politoloq Fikrət Sadıqov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Fransa yaxşı başa düşür ki, Azərbaycan Ermənistanı hədəf almayıb. Fransanın əsas məqsədi bu regiona daxil olmaqdır. Fransa həm hərbi-texniki baxımdan, həm də digər baxımdan Ermənistanın yanında olmağa çalışır.
Fransanın digər məqsədi isə ondan ibarətdir ki, regional dövlətləri – ilk növbədə Rusiya və Türkiyəni buradan uzaqlaşdırsın. Xüsusilə Rusiyanı Ermənistandan kənarlaşdırmaq Fransanın əsas niyyətlərindən biridir. Fransa istəyir ki, Ermənistanda Rusiyanın yerini tutsun.
Bu, Fransanın maraqlarına cavab verən bir plan olsa da, bu məqsədə nail olmaq mürəkkəb və çətindir. Çünki Ermənistan Rusiya ilə bir çox baxımdan bağlıdır. Onların arasında həm iqtisadi, həm də hərbi-texniki əməkdaşlıq üzrə bağlar var. Buna görə də Ermənistanın yaxın gələcəkdə Rusiyanın boyunduruğundan asanlıqla çıxacağını güman etmirəm”.
Seymur ƏLİYEV