
Bu gün Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Xatırladaq ki, bir müddət bundan öncə Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Moderator.az-a açıqlama verən millət vəkili Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin məlum sərəncamının dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bu sərəncam Azərbaycanın dövlətçlik tarixinə verilən yüksək qiymət, diqqət və qayğıdır.
1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə öz silahdaşları ilə birlikdə Şərqdə ilk demokratik dövlət yaratdı. Onun müstəqilliyini bütün dünyaya bəyan etdi. Bu, Azərbaycanın dövlətçilik tarixində mühüm bir hadisə idi və xalqımızın şüurunda dərin iz buraxdı. Bu baxımdan bu il Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsi həm tarixi, həm milli-mənəvi baxımdan mühüm bir olay kimi dəyərləndirilə bilər.
Bildiyiniz kimi, artıq bununla bağlı həm ölkə daxilində, həm də xarici ölkələrdə bir sıra tədbirlərin keçirilməsinə start verilib. İnanıram ki, biz yaxın vaxtlarda Məhəmməd Əmin Rəsulzadə ilə bağlı daha böyük, daha möhtəşəm tədbirlərin keçirilməsinə şahid olacağıq.
Bizim üçün qürurvericidir ki, biz bu mühüm tarixi olayı qalib dövlət kimi qeyd edirik və bu reallıq əminəm ki, Cümhuriyyət liderlərimizin də ruhunu şad edir”.
Seymur ƏLİYEV