Radioötürücüləri icazə olmadan əldə edənlər cəzalandırılacaq

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi hallar müəyyənləşir.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Hazırda qüvvədə olan qanunda radiotezliklərin istifadə üçün ayrılmasına zaman məhdudiyyəti nəzərdə tutulmayıb.

 

Dəyişikliklə radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi hallar artırılır. Beləliklə, aşağıdakı hallarda da radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcək:

 

– Telekommunikasiya xidmətinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellüar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

 

– Radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

 

– radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.

 

Radiotezliklərdən istifadəyə dair müqavilədə tərəflərin hüquq və vəzifələri, radiotezliklərdən istifadə və ödəniş şərtləri, müqavilənin ləğvi və dəyişdirilməsi qaydaları və əsasları, habelə müqavilənin predmetinə dair digər mühüm şərtlər əks etdiriləcək. Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

 

Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması istismar edilməsi qadağandır.

 

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.

 

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Mənbə

Share: